"Zəmanət veririk, məsuliyyətə cəlb olunmayacaqsınız" - DİN-dən MÜHÜM ÇAĞIRIŞ

"Bəzi şəxslərdə hələ də qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var”.

Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, bu silahlar müharibədən qalanlardır:

“Kimdə varsa, könüllü təhvil verilməlidir. Polis əməkdaşlarına dünən də - avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib. O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edir. Bilir ki, əməliyyat tədbirləri ilə tutulsa, cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

DİN-nin Mətbuat xidmətinin rəisi xatırladıb ki, silah təhlükə mənbəyidir:

“Geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaq. Bu, sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağılı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcək. Ona görə də, bir daha çağırış edirik, o silahlardan kimdə varsa, könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır, bununla bağlı zəmanət veririk. Diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək”.

17:15 - 15 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin