Bütün prezidentliyə namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün bərabər şərait yaradılıb.
Asayis.az report-a istinadən xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı monitorinqinin nəticələrinə dair aralıq hesabatında bildirilib.
Müşahidəçilər qeyd ediblər ki, Azərbaycanda təşviqat kampaniyası sakit və mütəşəkkil şəkildə, seçki qanunvericiliyinin tələblərinə ciddi şəkildə uyğun olaraq keçirilir.
Hesabatda vurğulanıb ki, mərkəzi və aşağı seçki komissiyaları, kütləvi informasiya vasitələri (KİV) ölkə əhalisini seçki kampaniyası ilə bağlı ətraflı məlumatlandırır.
Aralıq hesabatda o da qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi (MSK) və MSK Katibliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq brifinqlər və mətbuat konfransları keçirilir, seçkilərə hazırlığın gedişatı işıqlandırılır, seçki qanunvericiliyinin normaları izah edilir:
“Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını seçkilərdə iştiraka çağıran fəal kampaniya aparır. Bu kampaniyaya televiziya və radioda müntəzəm olaraq məlumat xarakterli videoçarxların və sosial reklamların yayımı daxildir. Üstəlik, bu kampaniya həmçinin səsvermə günü barədə seçiciləri məlumatlandırmaq üçün reklam lövhələri, bannerlər və afişalardan istifadəni əhatə edir”.
Vurğulanıb ki, 2024-cü il yanvarın 15-dən etibarən Mərkəzi Seçki Komissiyasının “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyət göstərir: “Burada yerli və xarici KİV nümayəndələri seçki kampaniyasının gedişi ilə bağlı aktual məlumatlar əldə edə bilərlər.
Xatırladaq ki, MDB-nin müşahidəçi missiyasının tərkibində 169 nəfər akkreditə olunub. Buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, həmçinin MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqı Parlament Assambleyası, MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir.
Uzunmüddətli əsaslarla isə 8 müşahidəçi çalışır. Onların fəaliyyətini missiyanın Bakıdakı qərargahı əlaqələndirir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.