Perinatal Mərkəzdəki yanğının ilkin səbəbi BİLİNDİ - YENİLƏNİR + FOTO/VİDEO

 Perinatal Mərkəzdəki yanğının ilkin səbəbi BİLİNDİ - YENİLƏNİR + FOTO/VİDEO

“Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə edilən şəxslərin səhhətində heç bir problem yoxdur”.

Asayis.az xəbər verir ki,bunu oxu.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu bildirib.

Onun sözlərinə görə, hələlik mərkəzdə qalanlar var:

“Həmin şəxslərin də təxliyəsi planlaşdırılır. İndiyə kimi 100-dən çox şəxs təxliyə olunub. Səhhətlərində heç bir problem yoxdur. Yenidoğulmuşlar, hamilə və zahılar Sabunçu, Kliniki, Xətai Tibb mərkəzlərinə və digər iki xəstəxanaya tam təhlükəsiz şəraitdə göndəriliblər”.

Qeyd edək ki, hazırda təxliyə prosesi davam edir.

İlkin ehtimala görə, yanğına səbəb kimi qısaqapanma olduğu bildirilir.

***08:58

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 100-dən çox şəxs təxliyə olunub.

Oxu.Az-ın məlumatına görə, yanğınla bağlı xəstələrin vəziyyətlərində heç bir ağırlaşma yoxdur.

Hazırda yenidoğulmuşlar, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər beş tibb müəssisəsinə təxliyə prosesi davam edir.

***08:01

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir”, - deyə məlumatda qeyd olunub.

***07:29

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

Asayis.az xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.

Onun sözlərinə görə, yanğın bir otaqda 35 kv.m sahəni əhatə edib. Binanın üçüncü və dördüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunublar.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayını açıqlayıb.

Onun sözlərinə görə, RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. TƏBİB rəhbəri vurğulayıb ki, xəstələrin təxliyəsi davam edir.

13:00 - 9 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin