Bakıda gənc oğlan sevgilisini döydü — TƏFƏRRÜAT

 Bakıda gənc oğlan sevgilisini döydü — TƏFƏRRÜAT

Bakının Səbail rayonunda 1999-cu il təvəllüdlü Emin qısqanclıq zəminində yaranan mübahisə zamanı sevgilisi Naziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 10-da baş verib. 

Emin həmin gün saat 22.00-da müvəqqəti yaşadığı “Selin” gözəllik salonunda şəxsi münasibətlərinin kəskinləşməsi ilə əlaqədar qısqanclıq zəminində faktiki olaraq ər-arvad münasibətlərində yaşadığı Naziləyə yumruq və təpik zərbələri vurub.

Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Nazilə ilə bir müddətdir qeyri-rəsmi birlikdə yaşayıb: 

“Bir neçə dəfə qısqanclıq zəminində aramızda münaqişə oldu. Oktyabrın 10-da, saat 22.00-da yenə də eyni səbəbdən aramızda münaqişə yarandı. Mən Naziləni döyərək ona xəsarət yetirdim”.

Bu cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Eminin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

15:00 - 5 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin