"Süni qidalar əlil uşaqların doğulmasına səbəb ola bilər" - Ekspert

“50 il qabaq dünya üzrə anadangəlmə əlil və xəstə doğulan körpələrin sayı 1000 nəfərə 2 təşkil edirdi, indi isə 150 təşkil edir. Yəni körpələrə bioloji terror həcmi nə az, nə çox 75 dəfə artmışdır. Bunun 90 faiz səbəbi qlobal qida terrorudur". 

Asayis.Az 
xəbər verir ki, bunu sosioloq Elçin Bayramlı feysbuk hesabında yazıb. O qeyd edib ki, qida adı altında satılan naməlum mənşəli kimyəvi maddələr insan sağlamlığı üçün təhlükə mənbəyidir. 



Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hələ 2003-cü ildə ölkədə erkən yaşda olan uşaqların qidalanmasına dair qanun qəbul olunub:

“Həmçinin körpələrin qidalanması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri var. Təəssüf ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi Avropa ölkələrindən aşağıdır – 44 faizdir. Körpə qidalarının qiyməti də xeyli bahadır. Bunun da səbəbi odur ki, körpə qidası distribüterləri ilə pediatrlar əlbirdir. 

Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, körpə doğulan zaman anadan ayrılır və ona ilk olaraq süni qida yezidirilir. Halbuki beynəlxalq tövsiyələrə görə körpə doğulduqdan sonra 3 saata qədər ananın sinəsi üzərində qalmalıdır. Bu müddətdə hətta südü olmayan anaya da süd gəlir. İlk dəfə süni qida yeyən körpə ana südü istəmir və avtomatik olaraq ananın südü çəkilir. Beləliklə, işbazların biznesi irəliləyir”. 

Ekspert təəssüflə bildirib ki, Azad İstehlakçılar Birliyi 20 ildən çoxdur, bu problemi həll edə bilmir:

“Bu vaxta qədər doğum evlərini ifşa edə bilməmişik, baxmayaraq ki, ayrı-ayrı təşəbbüslər olub. Doğum evlərinə getsək, deyəcəklər ki, körpə qida distribüterlərini qapıdan içəri buraxmırıq. Demək olar ki, bütün doğum evlərində ayrı-ayrı ana və uşaq otaqları yaradıblar. Qanun bu iş birliyini qadağan edir”. 

E.Hüseynov vurğulayıb ki, uşaqların sağlam böyüməsində ana südünün böyük rolu var:



“Xaricdə beynəlxalq qurumda deyəndə ki, Eyyub Hüseynov 7 il ana südü əmib və bir dəfə də olsun təcili tibbi yardıma ehtiyacı olmayıb, hamı alqışladı. Yəni ana südünün nə dərəcədə vacib və xeyirli olduğunu öz həyatımda da görmüşəm. 

Süni qida ilə qidalanan oğlan və qızların gələcəkdə nəsil davam etdirmə qabiliyyətində də problemlər yarana bilər, əlil uşaqların da doğulmağına səbəb ola bilər. Hətta bir neçə il əvvəl ölkədə ana südü əvəzinə eşşək südü vermək kimi bir təşəbbüs ortaya atılmışdı. Bununla radikal mübarizə apardıq”.
 

15:00 - 13 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin