Bakının Nizami rayonunda 1997-ci il təvəllüdlü Elmar sevgi münasibətində olduğu Səliməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 24-də Nizami rayonu ərazisində yerləşən otellərdən birində baş verib.
Elmar sevgilisi Səlimə ilə həmin otelə gəlib və otelin 215 nömrəli otağında münasibətdə olublar. Təxminən saat 19 radələrində Səlimənin Elmardan ayrılmaq istəməsi ilə bağlı aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Elmar Səlimənin sifət nahiyyəsinə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib. Qadın sevgilisi tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur.
Bu işə Nizami rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Elmarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az