Bakının Nizami rayonunda 2001-ci il təvəllüdlü Elçin iş yoldaşı Nərgizə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 30-da Nizami rayonu, Q.Qarayev prospekti, 53 ünvanında yerləşən “Palermo” gecə klubunda baş verib.
Elçin tanışı Nərgizin həmin klubda olan müştəri ilə onun haqqında danışmasına irad bildirməsini bəhanə edib və təpiklə bir neçə dəfə Nərgizin bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2022-ci ilin dekabrından 2023-cü ilin yanvarın axırlarınadək “Palermo” klubda qəlyançı işləyib: “Həmin vaxtdan da klubda ofisiant işləyən Nərgizi tanımışam, işçi kimi münasibətlərimiz yaxşı olub. Mayın 30-da, saat 05 radələrində dincəlmək məqsədi ilə tanışım ilə birlikdə əvvəllər qəlyançı işlədiyim “Palermo” kluba getdim. Biz birlikdə həmin klubda stolların birində əyləşdik. Bir bakal pivə və saçaqlı pivə pendiri sifariş etdim. Həmin bir bakal pivəni içdikdən sonra əylənmək üçün klubda oynadım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra klubda digər stolların birində əyləşmiş tanışı ilə söhbət edən zaman Nərgiz onların söhbətinə müdaxilə etdiyindən aralarında sözlü mübahisə yaranıb: “Nərgiz onun müştərisi ilə söhbət etməyimə irad bildirməsi səbəbindən aramızda mübahisə baş verdi. Nərgiz köynəyimdən tutmaq istəyəndə təpiklə onun qarın və bədən səthinin müxtəlif nahiyələrindən vurdum, onu özümdən kənarlaşdırdım. Həmin vaxt Nərgiz yerə yıxıldı, mən isə oradan getdim”.
İş üzrə zərərçəkmiş Nərgizin sözlərinə görə, 2022-ci ildən başlayaraq “Palermo” klubda ofisant kimi işləyib: “Elçini 2022-ci ilin dekabrında həmin klubda qəlyançı kimi işə başlayıb, 2023-cü ilin yanvar ayının axırlarında isə işdən çıxıb. Elçinlə işçi kimi münasibətimiz əvvəllər yaxşı olub, aramızda başqa heç bir münasibət olmayıb”.
Zərərçəkmiş qeyd edib ki, mayın 30-da, saat 05 radələrində ofisant kimi çalışdığı kluba olan vaxt Elçin ora gəlib: “Elçin klubda stolların birində əyləşdi, pivə və saçaqlı pendir sifariş etdi. Sonra mənim qulluq etdiyim digər masada oturan şəxslərin biri ilə Elçinin söhbət etdiyinin şahidi oldum. Elçinin masada olan müştərilərlə mənim haqqımda söhbət etdiyini zənn etdim. Ona yaxınlaşaraq irad bildirdim. Bu zaman Elçinin məni söyüb-təhqir etməsi səbəbindən aramızda baş vermiş mübahisə zamanı onun yaxasından tutdum, ona söyüşlə cavab verdim. Bu zaman Elçin təpiklə qarnımdan və bədənimin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirdi. Klubda olan birgə tanışlarımiz bizi ayırdı”.
Zərərçəkmiş qeyd edib ki, Elçin tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verıb, daha sonra Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə də ərizə yazıb. Deyib ki, sonradan təqsirləndirilən şəxs ondan üzrxahlıq edib, buna görə də onu bağışlayıb.
Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elçin 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Demokrat.az