“Tələbədən yataqxana üçün ödəniş alınması doğru deyil” - AÇIQLAMA

 “Tələbədən yataqxana üçün ödəniş alınması doğru deyil” - AÇIQLAMA

Ölkəmizdə bir çox universitetin yataqxanası yoxdur. Mövcud yataqxanalarda isə qiymətlər tələbə büdcəsinə uyğun deyil. 

Asayis.Az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi bildirib ki, ölkədəki 54 xüsusi və mülki ali təhsil müəssisəsinin bəzisinin yataqxanalarında erməni işğalı nəticəsində məcburi köçkün düşmüş əhalinin bir hissəsi məskunlaşıb:

"Onların doğma yurdlarına qayıdışını təmin etdikdən sonra boşalan yataqxana binalarına tələbələri yerləşdirmək olar. Bunun hansi tarixdə mümkün olacağını deməksə hələki çətindir"

Ekspert deyib ki, tələbələrin təhsil haqqından əlavə olaraq yataqxana üçün də ödəniş etməsi doğru deyil:



“Hansısa tələbə bölgədən gəlir, universitetdə hüquqi əsaslarla təhsil alır, illik 4500 manat təhsil haqqı ödəyir, onu yataqxanada yerləşdirmək üçün əlavə ödəniş alınması doğru deyil. Yataqxana üçün minimal ödənişlər təyin oluna bilər. Kommunal xərclərin qarşılanması üçün  təmir – tikinti istiqamətində  müəyyən məbləğ ödənilə bilər ki, bunun da həddi 50 manatdan çox olmamalıdır. Lakin bəzi universitetlər hər tələbədən yataqxana üçün 100-200 manat ödəniş alır”. 

E.Əfəndi əlavə edib ki, dünyanın əksər ölkələrində - istər Avropa olsun, istər ABŞ universitetləri, yataqxana ödənişi illik təhsilhaqqına daxildir:

“Tələbə yataqxanadan, universitetin kampusundan, kitabxanasından istifadə edə bilir. Yataqxanaları olmadığı üçün Azərbaycan universitetləri dünya reytinqlərinə düşə bilmir. Bunun üçün universitetin yataqxanasının, kampusunun, laboratoriyalarının olması əsas göstəricilərdəndir. Hazırda universitetlərin yataqxanalarının tikilməsi şəhərdəki sıxlığı bir qədər də artıra bilər fikrimcə. Yataqxanalar şəhərdən kənarda yerləşməlidir. Tezliklə bunun mümkün olacağını isə düşünmürəm”.
Demokrat.az

11:30 - 9 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin