General polis kürəkənindən şikayətçidir - 600 minlik dələduzluq ittihamı

 General polis kürəkənindən şikayətçidir - 600 minlik dələduzluq ittihamı

Bakının Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cavid Talıbov həyat yoldaşını ölümlə hədələməkdə, qayınatasına qarşı dələduzluqda ittiham olunur.

Asayis.Az
 Meydan TV-yə istinadla xəbər verir ki, hazırda daxili işlər orqanlarında onunla bağlı araşdırma gedir.

Araşdırma isə qayınatası, general-mayor Ramiz Nağıyevin şikayəti əsasında başlayıb.

Ramiz Nağıyev Daxili İşlər Nazirliyində 7-ci İdarənin, Daxili Təhqiqatlar İdarəsinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Polis İdarəsinin rəisi vəzifələrində çalışıb, hazırda təqaüddədir.

Məlumata görə, polis polkovnik-leytenantı qayınatasına məxsus obyektin satışından əldə olunan pulun bir hissəsini ələ keçirməkdə ittiham olunur.

“Qayınatasının dediyinə görə, onun satdığı obyekti alan adam beh verməliymiş. Cavid Talıbov gedib ondan xəbərsiz 200 min manat behi alıb. Bundan əvvəl də Cavid Talıbov öz ailəsinin keçmiş İnqilab küçəsində qaldığı evi 400 min manata satıb. Bir müddət sonra Cavid Talıbov ailəsini qoyub, çıxıb gedib. Qayınatasının 200 min söhbəti də ondan sonra olub. Obyekti alan adam Cavid Talıbovu həm də bacısı oğluna görə tanıyırmış. Bacısı oğlu Murad Tağıyev Prezident Administrasiyasının Hüquq-mühafizə orqanlarıyla iş şöbəsində işləyir…”, – mənbə bildirib.

Ramiz Nağıyev Cavid Talıbovdan şikayətçi olduğunu təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəməyib.

“Həqiqətən şikayətçi olmuşam və baş verənləri də ətraflı göstərmişəm. Əlavə sübutlar da təqdim olunub. Hazırda araşdırma gedir. Bu üzdən əlavə nəsə demək doğru olmaz”, – general belə deyib.

Cavid Talıbov isə həyat yoldaşı və qayınatasının onu ittiham etməsilə bağlı ümumiyyətlə, mediaya danışmaq istəməyib.

Araşdırmaların nəticəsi barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən iddialara münasibət bildirilməyib.

Cavid Talıbov Səbail Rayon Polis İdarəsindən əvvəl Mingəçevirdə polis rəisinin əməliyyat işləri üzrə müavini olub.

15:56 - 8 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin