Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Radik pul üstündə yaranan münaqişə zamanı Məhəmmədə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin oktyabrın 31-də Sabunçu qəsəbəsində baş verib.
Məhəmməd qəsəbədə yerləşən “Rus bazarı”adlandırılan ərazidə qonşusu ilə rastlaşaraq birlikdə yaşadıqları ünvana doğru piyada hərəkət edərkən şəxsi münasibətlər zəminində mübahisə ediblər.
Yaranmış mübahisə zamanı Radik özündə olan kəsici-deşici əşya ilə Məhəmmədin qarın nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Radikin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Radik ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, baş vermiş cinayət hadisəsi ilə bağlı tutulana qədər taksi sürücüsü kimi fəaliyyət göstərib, həmçinin, ev göyərçinləri saxlayaraq böyüdüb, satmaqla məşğul olub.
Radik qeyd edib ki, zərərçəkmiş Məhəmməd ilə qonşudurlar, Məhəmmədlə Sabunçu qəsəbəsində yerləşən “Sabunçu bazarı”nda göyərçin satarkən tanış olub, münasibətləri yaranmış və dəfələrlə görüşüblər.
Radik ifadəsində göstərib ki, 2022-ci ilin oktyabrın əvvəllərində onun idarə etdiyi avtomobilin təmirə ehtiyacı olduğu üçün saxladığı göyərçinlərdən satmaq istəyib:
“Sabunçu qəsəbəsində yerləşən “Sabunçu bazarı”nda göyərçin satarkən Məhəmməd məndən 7-8 ədəd göyərçin aldı. Göyərçinləri Məhəmmədə 45 manata satdım. Məhəmməd pulun 15 manatını verdi, qalan 30 manatı isə növbəti gün verəcəyini bildirdi. Münasibətimizi nəzərə alaraq Məhəmmədlə razılaşdım. Məhəmmədin mənə verəcəyi 30 manata ehtiyacım olsa da, növbəti gün Məhəmmədi tapa bilmədim. Məhəmmədin məndə mobil telefon nömrəsi olmayıb. Məhəmmədi görmədim və sonuncu söz verdiyi vaxtda borclu qaldığı 30 manatı vermədi”.
Təqsirləndirilən deyib ki, oktyabrın 31-də, saat 18.30-da yaşadığı evdən çıxıb və piyada “Sabunçu bazarı”na gedib: “Məqsədim həyətimdə olan itlər üçün yem almaq olub. Bazardan yem aldım və saat 19 radələrində piyada evimə geri qayıdarkən yolda Məhəmmədlə rastlaşdım. Məhəmmədin yanına gedərək onunla görüşdüm və 30 manat pulumu verməməsinin səbəbini soruşdum. Məhəmməd hazırda pulunun olmadığını dedi, lakin tezliklə verəcəyini bildirdi. Məhəmmədlə söhbət edə-edə hər ikimiz eyni istiqamətdə piyada hərəkət edərək Sabunçu qəsəbəsində Məhəmmədin yaşadığı evin yaxınlığına çatdıq. Dəqiqləşdirmək üçün Məhəmməddən pulumu nə vaxt verəcəyini bir daha soruşdum. Məhəmməd mənimlə kobud danışmağa başladı. Mənə “30 manat pulun nə puldur ki?” deyərək təhqiramiz formada getməyimi bildirdi. Məhəmmədə həmin pulun az və ya çox olmasına baxmayaraq, ehtiyacım olduğunu bildirdim və pulu verə bilməyəcəyi halda göyərçinlərimi qaytarmasını dedim. Həmçinin ona söyüş söyməməsini bildirdim. Həmin vaxt Məhəmməd mənə yenə də təhqiramiz formada getməyimi tələb etdi və pulumu da verməyəcəyini bildirdi. Ona görə də Məhəmmədlə aramızda sözlə mübahisə başladı. Mübahisə zamanı Məhəmməd mənim anamın və “var-yox”umun ünvanına söyüş söydü. Məhəmmədin pulumu qaytarmamaqla yanaşı günahsız yerə ünvanıma ağır söyüşlər etməsi mənə çox pis təsir etdiyindən cibimdə olan, üzərimdə brelokla birlikdə olan cib bıçağını çıxardım. Məhəmmədin qarnından bir dəfə vurdum və qorxaraq həyəcanlı vəziyyətdə oradan qaçdım”.
Radik qeyd edib ki, hadisədən sonra evə gec gedib, ailə üzvlərinin yatdığını görüb və heç kimə bir söz demədən evdən çıxıb: “Həmin gecə küçədə və qəbristanlıqda gecələdim. Sonra evimə getdim və ailə üzvlərimi Ramana qəsəbəsinə ata evinə apardım. Oradan çıxanda arvadıma dalaşdığımı bildirdim və polisə təslim olacağımı dedim. Elə həmin gün Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gedərək təslim oldum”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Radikin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 2 il sınaq müddəti olamaqla 3 il 6 ay şərti cəza təyin edilib.
Demokrat.az