Taksi sürücüsü ilə müştəri arasında pul üstündə DAVA

 Taksi sürücüsü ilə müştəri arasında pul üstündə DAVA

Sumqayıt şəhərində 1961-ci il təvəllüdlü Eldar pul borcu üstündə yaranan münaqişə zamanı Fəridə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayonda baş verib.

Hadisəni törədən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 10 il olar taksi fəaliyyəti ilə məşğul olur: “Zərərçəkmiş Fəridi bir neçə müddətdir ki, tanıyıram. Onu bir neçə dəfə taksi kimi dediyi ünvana aparmışam. Lakin sonuncu dəfə getdiyi ünvandan mənə pul borcu qaldı. Dəfələrlə ona pulu verməsini bildirsəm də, hər dəfə müxtəlif bəhanə gətirərək pulu verəcəyini bildirdi. Lakin pulu vermədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 00.20-də Sumqayıt şəhəri, 3-cü mikrorayonda yol kənarında dayananan zaman qarşıdan Fəridin gəldiyini görüb: “Yaxınlaşdıqda ondan mənə olan borcunu verməsini istədim. Lakin o, pulu sonra verəcəyini bildirdi. bundan boyun qaçırdı və kobud cavab verdi. Daha sonra onunla aramızda həmin pul əsasında mübahisə yarandı. Mübahisə zamanı onu əlim ilə itələdi və o yıxıldı. Daha sonra əsəbi olduğum üçün və kobud danışdığı üçün onun göz nahiyyəsinə 1 dəfə yumruq zərbəsi vurdum. Daha sonra biz aralaşdıq. Sonradan bildim ki, Fərid barəmdə 3-cü polis bölməsinə şikayət edib”.

İş üzrə zərərçəkmiş Fəridin sözlərinə görə, Eldar taksi fəaliyyəti ilə məşğuldur: “Mən  Eldarı dəfələrlə taksi kimi çağırmışam. Lakin sonuncu dəfə mənim Eldara 3 manat borcum qaldı. Hadisə günü, saat təxminən 00.20-də yaşadığım evin qarşısı ilə küçədə gəzən zaman Eldarı yolun qırağında gördüm. Eldar mənə yaxınlaşdı, məndən borcum olan 3 manatı bu saat verməyimi istədi. Mən isə ona maddi vəziyyətimin zəif olduğu üçün hazırda pulu verə bilməyəcəyimi, lakin yaxın zamanda borcumu qaytaracağımı bildirdim. Lakin israrla məndən həmin pulu tələb etdi”. 

Zərərçəkmiş deyib ki, bu zaman aralarında mübahisə yaranıb və Eldar onun boğazından itələyib: “Eldarla dava etmək istəmədiyim üçün onu itələdim və qırağa çəkilmək istədim. Bu zaman Eldar yumruqla sağ gözaltı nahiyyəmə zərbə endirdi. Mənim gözaltı nahiyyəm şişdi. Daha sonra dava daha da böyüməsin deyə bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Eldarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
 

Demokrat.az

10:56 - 5 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin