Gəncə Şəhər Uşaq Evinin sakini Həsən Mikayıl oğlu Həsənov ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alacaq.
O, qəbul imtahanlarında 420 bal toplayaraq dövlət sifarişi ilə ADPU-nun sosial iş ixtisasına qəbul olunub.
ADPU-nun rəhbərliyi Həsənin bundan sonra universitet rəhbərliyinin himayəsində olacağını və onun təhsil aldığı müddətdə bütün ehtiyaclarının qarşılanacağını bəyan edib.
Bildirilib ki, sosial həssas təbəqədən olan istedadlı tələbəmizin təhsilinə dəstək üçün bütün tədbirlər görüləcək.
ADPU-nun əməkdaşları Həsənlə əlaqə quraraq, onu tələbə adı qazanması münasibəti ilə təbrik edərək təəssüratlarını öyrəniblər. Həsən deyib ki, tarixə, hüquqa, sosial sahəyə çox böyük sevgisi var, elə buna görə də, ixtisas seçimində ADPU-nun sosial iş ixtisasını seçib.
Həsənin yaşadığı Gəncə Şəhər Uşaq Evinin direktoru Nazilə İsmayılova deyib ki, Həsən çox ağıllı, fəal uşaq olub, həmişə dərslərini yaxşı oxuyub, hər kəsin rəğbətini qazanıb.
Qeyd edək ki, 2006-cı ildə dünyaya gələn Həsənin atası dünyasını dəyişib, anası isə xəstə olduğundan bacısı və qardaşı ilə birgə 2012-c ildən etibarən Gəncə Şəhər Uşaq Evində yaşamağa başlayıblar. Ailəsi Yevlax rayonundandır. Hazırda böyük qardaşı və anası Yevlax rayonunda, özü və 15 yaşlı bacısı isə uşaq evində yaşayır. Həsən orta məktəbi bu il bitirib.