Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Bəzi universitetlərdə keçid ballarının aşağı olması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və müzakirələrə səbəb olub. Belə ki, bu il 200 balla ADNSU-da və BDU-da Geologiya və geofizika mühəndisliyi ixtisasına dövlət sifarişli (pulsuz) qəbul olan tələbələr var. Bəs görəsən, bu ballarla ali məktəblərə qəbul ölkədə kütləvi savadsızlığın başlandığına işarə ola bilərmi?
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a təhsil eksperti Kamran Əsədov danışıb. O, bunun plan yerlərinin sayının artırılması ilə əlaqəli olduğunu bildirib:
"Bu il təhsil müəssisələrinə qəbul yeri 55800 olanda proqnozlaşdırılırdı ki, daha aşağı ballarla ali məktəblərə qəbul olmaq mümkün olacaq. Xüsusən I ixtisas qrupunda plan yerlərinin sayı 18 minə qalxdı və bunun 13 mini ödənişsiz ixtisaslar idi. Təbii ki, abituriyentlərin sayına nəzər yetirəndə 200 balla dövlət universitetlərinə ödənişsiz qəbul olmağının mümkünlüyünü görürdük, hətta bu haqda mən dəfələrlə mətbuata da açıqlama vermişdim.
Bu isə ali təhsilin əlçatanlığını təmin etmək məqsədi güdür. Bu gün Azərbaycanda ali təhsilli insanların sayı çox deyil, ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir, bu isə yetərli deyil. Bu rəqəm aşağıdır və qarşıya qoyulmuş strategiyada faizin yuxarı qaldırılması nəzərdə tutulub".
Onun sözlərinə görə, qəbul balları savadsızlığın göstəricisi ola bilməz, çünki güclü mütəxəssisi ali məktəblər yetişir:
"Aşağı ballarla ali məktəblərə qəbul aparmaq savadsızlıq göstəricisi ola bilməz. Savadlılıq göstəricisi oxuyub-yazma bacarığıdır ki, bunu minimum ballarla yoxlayıb ölçürlər. Biz mütəxəssisi ali məktəblərə qəbul üçün keçirilən imtahanda formalaşdırmırıq. 50 balla belə qəbul olunsanız sizin gələcəkdə mütəxəssis olub-olmamağınız ali məktəblərdə müəyyənləşir. 690 bal toplayan da, 200 bal toplayan da eyni universitetə qəbul olur, onlar kadr olaraq universitetin içində formalaşır.
Bizim problemimiz universitetlərlə bağlıdır. Bu gün ali təhsil müəssisələrinin əksəriyyəti əmək bazarının ümumi standartlarına cavab verən kadrlar hazırlamırlar, onların hazırladıqları kadr tələblərə uyğun deyil. Həmin universitetə 700 balla da qəbul olsanız, heç bir işə yaramır, əgər təhsil ocağında xammalı məhsula çevirə bilməyəcəksinizsə, balın önəmi yoxdur. Test bilik göstəricisi deyil, sadəcə seçim üsuludur. Testlə çoxsaylı insanların bilik və bacarıqlarını, analiz etmə qabiliyyətlərini yoxlayıb onları universitetlərə yerləşdirirlər. Bundan sonrası ali məktəblərin öhdəliyidir, onlar kadr yetişdirməlidir. Bu il 150 balla IV, 175-lə I, 160-la II ixtisas qrupuna qəbul mümkün olub. Bəli, 700 bal üzərindən bu, kifayət qədər aşağıdır, amma onları mütəxəssis kimi yetişdirən ali məktəblər olacaq.
Biz plan yerlərinin artdığını biləndə bu cür problemlərin olacağını onsuz da gözləyirdik. Gələn il qəbul plan yerləri 60 mini keçəcək və bundan da aşağı ballarla ali məktəblərə qəbul olanları görəcəyik".