Polis polkovnik-leytenantı generala qarşı dələduzluq etdi

 Polis polkovnik-leytenantı generala qarşı dələduzluq etdi

Polis polkovnik leytenantı ailəsinin evini 400 000 manata satıb və general qaynatasının tanışlarından da 200 000 manat alıb “aradan çıxıb”.

Asayis.Az 
xəbər verir ki, bu barədə teref.az saytı yazıb. Bildirilir ki, Polis Akademiyasının keçmiş rəisi general-mayor Ramiz Nağıyevin kürəkəni polis polkovnik-leytenantı Cavid Talıbov ailəsi ilə birgə yaşadığı evi 400 000 min manata, Toyota “Prado” avtomobilini isə 100 000 manata satıb. Bundan sonra qaynatasının adından onun obyektinin müştərilərindən 200 000 manat alıb. Məsələ ilə bağlı danışan R.Nağıyev faktı təsdiqləyib. Kürəkəni tərəfindən dələduzluqla üzləşdiyini bildirən general C.Talıbovun ailəsini atıb getdiyini də qeyd edib.

R.Nağıyevin oğlu Vüqar Nağıyev də AFN.az-a açıqlamasında yayılan məlumatın doğru olduğunu bildirdi: “Cavid bacımla birgə nikah zamanı əldə edilən evi onu aldadaraq satıb. Avtomobilini də satıb. Üstəlik, bizim müştərilərimizdən “beh” də alıb. Guya rüşvət verib polis rəisi olacaq. Bu işlərdə də o Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olan bacısı oğlu Murad Tağıyevin adından danışır”.

V.Nağıyevin sözlərinə görə, C.Talıbovun “beh” aldığı obyekt onun olub: “Mən obyekti satışa çıxarmışdım. Cavid də bundan xəbərdar idi, alan adamları tanıyırdı. Öz təşəbbüsü ilə həmin adamlara yaxınlaşıb 200 min manat “beh” alıb. Behi guya mən özüm ala bilməzdimmi? Mən obyekti qayda-qanunla satırdım, behi də qaydası ilə ala bilərdim. Amma Cavid bunu fırıldaqçılıqla edib. Guya qəbz adı ilə əlyazma bir kağıza imza atıb. Bunun heç bir hüquqi əsası yoxdur. Üstəlik, onun həmin obyekt üzərində hüququ da yoxdur. Məsələ ondadır ki, obyekti almaq istəyən adamlar onun bacısı oğlu Murad Tağıyevlə də tanışdırlar deyə, ona inanıblar”.


Cavid Talıbov

V.Nağıyev saytımız vasitəsilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib: “Cənab nazir! Bu adam sizin rəhbərlik etdiyiniz qurum adından dələduzluq edib. Polis Azərbaycanda dövlətin və dövlətçiliyin əsas sütunlarındandır. O sistemdə “rüşvət verib işə düzələcəm” demək dələduzluqdan da ötə, cinayətdir. Üstəlik, bizə - mənə və ailəmə vurduğu maddi-mənəvi zərəri də nəzərə alsaq, Cavid Talıbovun və onun havadarlarının dərhal saxlanması, bu məsələnin araşdırılması vacibdir. Sizdən xahiş edirəm, məsələni diqqətinizdə saxlayasınız!”

C.Talıbova və alqı-satqı prosesində iştirakçı olan digərlərinə zəng edib məsələ ilə bağlı açıqlama istədik. C.Talıbov V.Nağıyev və ailəsi haqda təhqiramiz ifadə səsləndirərək onu narahat etməməyimizi tələb etdi.

Rəfael adlı şəxs isə bildirdi ki, alqı-satqı söhbətlərinə C.Talıbovu V.Nağıyev cəlb edib: “Vüqar özü bizə demişdi ki, Cavidlə bu proseslərdə söhbət apara bilərsiz”. O da aydın oldu ki, V.Nağıyev C.Talıbova bu proseslə bağlı hər hansı yazılı hüquqi sənəd verməyibmiş.

Yazıda adları keçən digər şəxslərin mövqeyini verməyə hazırıq.

17:50 - 30 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin