Avqustun 28-i gecə yağan güclü yağış nəticəsində “Binə” və “Sədərək” ticarət mərkəzlərini su basdı. Nəticədə xeyli sahibkar ziyan gördü. Ticarət mərkəzlərində fövqəladə hallar zamanı sahibkarlara külli-miqdarda ziyan dəyir, bu zərərin qarşılığı isə çox vaxt ödənmir. Çünki ölkədə bir çox sahibkar hələ də sığorta məsələsinə dırnaqarası yanaşır.
Asayis.Az xəbər verir ki, sığorta üzrə ekspert İlkin İbrahimov açıqlamasında bunun səbəblərindən bəhs edib:
“Binə və Sədərək kimi ticarət mərkəzlərində sənədsiz və ya Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən obyektlər var. Sığorta şirkətləri belə ticarət obyektlərində sığortalanmanı həyata keçirməkdə maraqlı deyillər.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı və ya içəridə olan malların könüllü sığortalanması ilə sığorta şirkətlərini dəvət edilməlidir. Şirkət gəlir, baxır ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunub, ya, yox. Adətən “Binə” və “Sədərək”ə FHN sənəd vermir, çünki orada təhlükəsizlik qaydaları pozulur.
Ekspert bildirib ki, sahibkarlar mal gətirərkən onu bəyan etməlidirlər:
“Vergi bəyannaməsi olmalıdır və ya VÖEN hesablarında nə qədər mal satacaqlarını bəyan etməlidirlər. Sığorta şirkətləri gömrük bəyannaməsi tələb edir. Çünki sığorta hadisəsi zamanı risklər malın dəyərinə uyğun hesablanır.
“Mall”larda isə sığorta şirkətləri növbəyə durur. Çünki onların sənədləri qaydasında olur”.