30 yaşlı kişi başqa qadınla münasibət qurdu, arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

 30 yaşlı kişi başqa qadınla münasibət qurdu, arvadına xəsarət yetirdi - TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Akif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytənə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 8-də baş verib. Akif həmin gün səhər saat 6 radələrində yaşadığı evə həyat yoldaşı Aytənin ona qeyri-rəsmi münasibətdə olduğu qadından ayrılmamasını irad bildirməsi səbəbindən aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı Akif qəsdən əli, ayağı və taxta parçası ilə Aytənin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2006-cı ildə Aytən ilə ailə həyatı qurublar, birgə nikahlarından üç övladları olub və əvvəllər aralarında heç bir ədavət olmayıb: “Münasibətlərimiz əvvəllər yaxşı olsa da, sonralar mənim başqa bir qadınla münasibətim olması səbəbindən korlandı. Bu səbəbdən Aytən bir neçə dəfə boşanmaq üçün müraciət etsə də, israrlı xahişlərimdən sonra ərizəsini geri götürdü”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, səhər saat 6 radələrində yaşadığı evdə olub və işləri ilə məşğul olub: “Həmin vaxtı Aytən mənə həmin qadından kənar durmağımı və ailəmizi dağıtmamasını dedi. Həmin qadınla münasibətimin olmasını və əgər xoşu gəlmirsə evdən çıxıb getməsini dedim. Aytən isə getməyəcəyini dedi, eyni sözləri təkrar etməyə başladı. Bu səbəbdən aramızda mübahisə yarandı. Həmin vaxt mən çarpayıda uzanıqlı vəziyyətdə, Aytən isə ayaq üstə dayanıqlı vəziyyətdə olmuşuq. Mübahisə zamanı əsəbiləşdiyim üçün ayağım ilə Aytənin sifətindən vurdum. Bu səbəbdən Aytənin burnu qanadı. Daha sonra ayağa qalxdım və masanın üzərində olan taxta parçasını götürərək dəfələrlə Aytənin kürəyinə, eyni zamanda çiyninə vurdum. Bundan sonra Aytən əlimdən taxta parçasını aldı. Daha sonra yumruqla Aytənin başından dəfələrlə zərbələr vurdum. Həmin vaxtı Aytənin halının pisləşdiyini gördüyüm üçün kənara çəkildim”.

Təqsirləndirilən şəxs bildirib ki, Aytən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib. O, etdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini deyib. 

Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Akifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
 

Demokrat.az

16:22 - 28 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin