Dollardan imtina: Qazanan tərəflər kim olacaq? - PROQNOZ

 Dollardan imtina: Qazanan tərəflər kim olacaq? - PROQNOZ

Braziliya prezidenti Lui İnasiu Lula da Silva deyib ki, BRICS ölkələri bir-birilə ticarətdə Amerika dollarından istifadədən imtina etməlidirlər. O qeyd edib ki, bu, ABŞ valyutasına meydan oxumaq kimi dəyələndirilməməlidir.  

Asayis.Az xəbər verir ki, iqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, dollardan imtina hələki sadəcə təklifdir:

“Bunun mümkünlüyünə dair nəsə demək çətindir. İllərdir bu təklif ətrafında müzakirələr gedir. BRICS  ölkələri bir-birinin dominantlığını qəbul etmir, məsələn, Hindistan Çinin hegemonluğunu qəbul etmir. Çin və Rusiya BRICS-in böyüməsini istəyir, Hindistan və Braziliya bunda elə də maraqlı görünmür. Bir sözlə, fikir ayrılıqları mövcuddur”. 

Ekspert nəzərə çatdırıb ki, bu ölkələrin ortaq valyutasının olub-olmayacağı sual altındadır:



“Bu reallaşarsa, BRİKS ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcək. ABŞ-ın maliyyə bazarlarından, Amerikanın dollar siyasətindən asılılıq aşağı düşəcək. Amerika dollardan silah kimi istifadə edir. BRİKS ölkələri bu məsələdə ortaq qərara gələ bilsə, bu onların xeyrinə olacaq. Dünya iqtisadiyyatının son 50 ildəki strukturu, formalaşmış münasibətlər sistemi köklü surətdə dəyişəcək”. 

X.Kərimli onu da əlavə edib ki, bu dəyişiklik ABŞ iqtisadiyyatına mənfi təsir edəcək: 

“Çünki bu, Amerika dollarını rezerv valyuta kimi riskə ata, onun kəskin ucuzlaşmasına gətirib, çıxara bilər. Faiz dərəcələri xeyli arta, dünya iqtisadiyyatında böhranlı vəziyyət yarana bilər. Lakin dediyim kimi bütün bunlar hələki nəzəriyyədir. Şanxay Əməkdaşlıq Təşkilatında, Avrasiya İqtisadi Birliyində də uzun illərdir valyuta müzakirələri gedir. Hər bir halda gələcək on ildə Amerika dolları hegemonluğunu saxlayacaq”.
 

Demokrat.az

11:38 - 25 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin