Şəmkir rayonunda 2004-cü il təvəllüdlü Qabil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmyerlisi Fərmana xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə 29 iyul 2022-ci ildə, gecə saat 01 radələrində baş verib. Qabil həmkəndlisi və qonşuluqda yaşayan Fərmanın spirtli içkinin təsiri altında onların həyətyanı sahəsində olduğunu görüb.
Qabil Fərmandan hansı səbəbdən həyətə daxil olmasını soruşub. Bu zaman Fərman qəsdən onun başından əli ilə vurub.
Bu səbəbdən onlar arasında münaqişə yaranıb. Qabil özündə daşıdığı bıçaq ilə Fərmana xəsarət yetirib.
Hadisəni törədən Qabilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qabil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 28-də Şəmkir rayonu Mahmudlu kəndində onlarla qonşuluqda yaşayan Orxanın övladının sünnət toyu olub: “Həmin toy məclisinə bizi də dəvət etmişdilər. Anam Cəmilə ilə birlikdə həmin toy məclisində iştirak etdik. Spirtli içki qəbul edən olmadığımdan toyda spirtli içki qəbul etmədim. Həmçinin toyda pul yazdıranların adlarını siyahıya yazaraq pulları qəbul etmişəm. Saat təxminən 23 radələrində yazılan pulları Orxana hesablayıb təhvil verdikdən sonra evə gəldim. Həmin günü bibim İradə də gec olduğu üçün evə getməyərək bizdə qaldı”.
Təqsirlənirilən şəxs qeyd edib ki, gecə saat təxminən 1 radələrində yerində uzanaraq telefonuna baxdığı zaman bibisi onu evin pəncərəsindən çağıraraq həyətdə səs eşitdiyini, kiminsə həyətə girdiyini bildirib: “Mən tez yerimdən qalxaraq ətrafa baxdım. Lakin əlimə götürməyə hər hansı ağac parçası tapa bilmədim. Fikirləşdim ki, həyətə girən şəxs oğru olacağı halda mənə hər hansı xəsarət yetirərsə, özümü müdafiə edə bilməyəcəm. Ağac parçası tapmadığımdan əlimə keçən bıçağı götürdüm. Lakin həmin bıçaq qırıq olduğundan bıçağı kənara ataraq evdə vazanın içərisinə qoyduğum bıçağı götürərək səs gələn evin arxa tərəfinə getdim. Orada həqiqətən də səs olmasını eşitdim və kim olmasını soruşdum. Həmin anda kimsənin qaçdığını gördüm. Telefonun işığını salaraq həmin şəxsin arxasınca qaçdım. Həmin şəxs bir qədər qaçdıqdan sonra yıxıldı. Qaça-qaça həmin şəxsin yanına çatdıqda onun bizimlə qonşuluqda yaşayan Fərman olmasını gördüm. Fərman yerdə oturaqlı vəziyyətdə dayanmışdı, əlində şalvar toqqası vardı.
Fərmandan bizim həyətdə nə etməsini soruşdum. O, “gözlə deyəcəyəm” deyərək cavab verdi. Təkrar Fərmandan həyətimizdə nə etməsini soruşdum. Fərman oğru və pis adam olmadığını bildirdi. Fərmanın danışığından hədsiz dərəcədə sərxoş olması aydın göründü”.
Qabil qeyd edib ki, bundan sonra Fərmandan düzgün söz ala bilmədiyindən onu həyətə dəvət edib: “Həyətə gəldikdən sonra Fərmana əl üzünü yumasına köməklik etdim. Bundan sonra Fərmanı oturtdum və yenidən nə səbəbə bizim həyətə girməsini soruşdum. Lakin yenidən Fərman “deyəcəm” deyərək cavab verdi. Bu zaman Fərman mənə əl atdığından telefon əlimdən sürüşdü və yerə düşdü. Bundan sonra aramızda mübahisə başladı. Fərman mənə əl-qol atmağa, məni vurmağa başladı. Bu zaman bibim İradə ortaya girdiyində Fərman bibimi kənara itələyərək məni vurdu. Həmin vaxtı bıçaq əlimdə açıq vəziyyətdə idi. Mən də Fərmana əl-qol atdığımda bıçağın onun qolunu cızdığını gördü. Fərman başıma yumruq vurduğundan hirslənərək ona yumruq atdım. Bu zaman bibim İradə araya girərək Fərmanı kənara itələdi. Fərman bundan sonra sakitləşdi, bibim Fərmanın qolunda xəsarət görüb baxdığı zaman qarın nahiyəsində də xəsarət olmasını gördüm. Fərman köynəyini qaldırıb baxdıqda elə də ciddi xəsarət olması görünmədi. Fərman özü də cızıq olmasını, ciddi problem olmadığını deyərək öz evləri istiqamətində getdi. Onun həyətdən çıxmasına köməklik edərək geri qayıtdım. Fərman getdikdən təxminən on dəqiqə sonra onun valideynləri gəldi. Onlar Fərmanın ciddi xəsarətləri olduğunu, ona görə də xəstəxanaya getdiyini bildirdilər. Sonra isə Şəmkir rayonu Kür polis bölməsinin əməkdaşları gələrək məni Şəmkir rayon polis şöbəsinə gətirdilər”.
İş üzrə zərərçəkmiş Fərmanın sözlərinə görə, iyulun 28-də yaşadığı kənddə həmkəndlisi Orxanın oğlunun sünnət toyu olub: “Saat 18 radələrində toya getmişdim. Toy məclisində iştirak edərək toyun sonlarında tanışlarım və qohumlarım ilə oturaraq spirtli içki qəbul etdim. Toy məclisi dağıldıqdan sonra xatılamadığım saatda Orxangilin həyətindən yola çıxdım. Bundan sonra həmkəndlim və qonşum olan Tellinin həyətindən keçərək öz evimə getmək üçün onun darvazasına tərəf getdim. Yol qapısı açıq olduğundan həyətə daxil oldum. Həmin vaxtı həyətdə kimsə olmayıb. Şalvarımın toqqası belimi sıxdığından çıxartdım. Həmçinin köynəyimin düymələrini açdım. Çox sərxoş olduğumdan, yeriyə bilmədiyimdən yerdə oturdum. Həmin vaxtı qəfildən Tellinin nəvəsi Qabil gələrək üzümə telefon işığı salaraq məndən nə məqsədlə gəlməsini soruşdum. Başqa niyyətlə gəlmədiyimi, sərxoş olduğumu bildirdim. Həmin vaxtı Qabil üzərimə gəldi, mənə əl-qol atmağa başladı. Qabilin yumruq-şillə atmasını düşünərək onu vurdum və bibisinə Qabili aparmalarını dedim. Bundan sonra bibisi və anası Qabili məndən araladılar. Həmin vaxt əlimi sol tərəfimə vurduğunda əlimin isti olmasını hiss etdim. Əlimə baxdıqda qan olmasını gördüm. Qabilin bibisini çağıraraq onun məni bıçaqla vurmasını bildirdim. Köynəyimi qaldırdıqda məndə xəsarət olmasını gördülər və tez getməyimi dedilər. Həmin yerdən yaşadığım evə təxminən 200 metr məsafə olduğundan tez evə getdim. Arvadıma yol qapısını açmağı deyərək avtomobili işə saldım. Yola çıxdığım zaman arvadıma bıçaq xəsarəti aldığımı, xəstəxanaya getdiyimi bildirdim. Avtomobilimi tez Şəmkir Mərkəzi Xəstəxanasına sürdüm. Özümü xəstəxanaya çatdırdıqdan sonra heç nəyi xatırlamamışam”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.
Demokrat.az