Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 vəzifəli şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Asayis.Az lent.az-a istinadən bildirir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov özünü pis hiss edib. O, ürəyində problem olduğundan ifadə verməkdən imtina edib. Hakim ondan 16 min manat rüşvət alıb-almadığını soruşub. İ. Məmmədov pulu aldığını desə də, niyə aldığını deməyib.
Daha sonra prosesdə ifadə verən digər təqsirləndirilən, Əmlak Məsələri Dövlət Xidmətinin məsləhətçisi Əsəd Nəsibov bildirib ki, İldırım Məmmədovun rəhbərliyi altında işləyib: "İttiham aktı qərəzli tərtib olunub. Elə göstəriblər ki, guya təqsirləndirilən 18 nəfərin hamısı ilə əlbir olmuşam, pulları mənimlə bölüblər. Bu işdə ittiham olunan bələdiyyə sədrləri var ki, onları ümumiyyətlə tanımamışam. İşlədiyim dövrdə qətiyyən rüşvət almamışam. 42 ildir işləyirəm, hələ heç kimdən rüşvət almamışam.
Bərdə rayonu ərazi şöbəsi tərəfindən xahiş ediblər ki sənədləri İldırım Məmmədova çatdırım. Əvvəllər imtina etsəm də, sonradan razılaşmışam, sənədləri götürüb İldırım Məmmədova çatdırmışam. Mənə gətirib paket veriblər, mən də çatdırmışam İldırım müəllimə. Mənə paketdə pul verirdilər ki, sənədləşməni tezləşdirək. Sənədləri mən gətirib vermişəm İldırım müəllimə, o da razılıq verirdi. Bir iki dəfə elə hallar olub ki, paketlər verirdilər, gətirib verirdim İldırım müəllimə. Əvəzində İldırım Məmmədov bayramlarda mənə 50-100 manat verirdi".
Prosesdə təqsirləndirilən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyev törətdiyi cinayəti etiraf edib. O bildirib ki, həqiqətən cinayətdə iştirakçı olub: "Kürdəmirin 4 kəndindən - Qarabucaq, Şahsevən, Cəyli və Yenikənd kəndlərində bələdiyyə istifadəsində olan pay torpaqlarının sənədləşməsi üçün İldırım Məmmədov 20 min manat istədi. Danışdım, dedim ki, imkansız insanlardır, bir az aşağı eləsin. Sonda 16 min manata razılaşdıq. 16 min manatı onlardan alıb gətirib İldırım Məmmədova verdim. Həmin işi görmək üçün torpaq sahibləri mənə 200 manat yolpulu verdilər".
Prosesdə Dövlət Əmlak Xidmətinin Lənkəran rayon şöbəsinin müdiri işləmiş Pərviz Ələkbərov vəsatət qaldırıb. O bildirib ki, cinayəti sübuta yetirilmədiyi halda 16 aydır ki həbsdə saxlanılır: "Mənə "Watshapp" yazışmaları ilə bağlı ittiham verilib. Amma mən həmin yazışmalarda xəbərsizəm. Xahiş edirəm yazışmalarım çıxarılsın".
Hakim vəsatəti təmin edib.
İş üzrə növbəti məhkəmə prosesi avqustun 24-nə təyin edilib.
İttihama görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs, Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov, Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov, Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.