Beyləqan rayonunda bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadə barəsində olan hökmdən narazıdır.
Asayis.Az-ın məlumatına görə, o, barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Şirvan Apellyasiya Məhkəməsinə ünvanlandığı şikayətində barəsində olan ömürlük cəzanın müddətli cəza ilə əvəz olunmasını istəyib.
Hakim İlkin Abdullayevin sədrliyi ilə bu gün baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi ötən ilin dekabrın 2-də rayon ərazisində baş verib.
Fuad Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.
F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.
Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Demokrat.az