Özünü nazirliyin işçisi kimi təqdim edən şəxs qadına dələduzluq etdi - TƏFƏRRÜAT

 Özünü nazirliyin işçisi kimi təqdim edən şəxs qadına dələduzluq etdi - TƏFƏRRÜAT

Özünü Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçisi kimi təqdim edən 1981-ci il təvəllüdlü Tural Aygünə qarşı dələduzluq edib. 

Asayis.Az-ın məlumatına görə, Tural özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Aygünə özünü Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçisi olması barədə yalan məlumat verib. 

Tural Aygünün Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş diplomunu təsdiq etdirmək məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən keçiriləcək imtahanlarda yüksək nəticə əldə etməsinə, diplomunun təsdiq edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib. 

Tural Aygünü aldadaraq 2021-ci ilin noyabr ayının ortalarında onun 3000 manat pulunu ələ keçirib. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aygünü təxminən üç il müddətdir tanıyır, onunla tanışlığı təsadüf nəticəsində olub: “Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qarşısında olarkən Aygün mənə bildirdi ki, onun Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş diplomun müvafiq qurum tərəfindən təsdiq olunmasına ehtiyacı var. Həmin vaxt həmin işdə kömək edə biləcəyimi bildirdim. Aygün mənimlə razılaşdı. Bundan bir neçə gün sonra dəqiq tarixi xatırlamadığım vaxtda Aygünün istifadəsində olan mobil telefona zəng etdim.
Bildirdim ki, bu işin müqabilində 3000 manat pul lazımdır. Aygün mənimlə razlaşdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin noyabr ayının əvvəllərində Nizami rayonu Q.Qarayev prospektində yerləşən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibatı binasının qarşısında Aygünlə görüşüblər: “Aygün özü ilə gətirdiyi 3000 manat pulu mənə verdi. Mən pulu alaraq Aygünə bildirdim ki, narahat olmasın tez bir zamanda onun işi öz həllini tapacaqdır. Aygünə kömək edə biləcək adam tapa bilmədiyimdən ondan almış olduğum pulu öz tələbatlarıma xərclədim. Bir müddət sonra, yəni 2022-ci ilin fevral və ya mart ayında Aygünə məxsus Beynəlxalq bank kartına 1000 manat pul göndərdim. Daha sonra həbs olunduğumdan 2000 manat pulu qaytara bilmədim”. 

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ona dəymiş ziyanı ödəməsini nəzərə alıb. 

Bu səbəbdən Turalın barəsində olan Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilib. O, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilib. 

Ancaq Turalın Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 8 il 7 ay 25 gün müddətində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınması barədə hökm elan edilib. 
 

Demokrat.az

10:00 - 18 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin