Hövsan qəsəbəsində bir neçə məktəbdə valideynlərə uşaqlarına məktəbli formasını mütləq Bakı Tikiş Evindən almaları ilə bağlı tapşırıq verilməsi haqda məlumat yayılıb.
Asayis.Az xəbər verir ki, bu barədə operator Elşad Mətləboğlu paylaşım edib. Onun sözlərinə görə, bununla bağlı tapşırığı qəsəbədə yerləşən 281 və 196 nömrəli məktəblərin direktorları müəllimlərə verib.
Sözügedən paylaşım müzakirələrə səbəb olub. Vətəndaşlar bildirib ki, bu məsələdə valideynlərin seçiminə qarışmaq monopoliya yarada bilər.
Məlumatla bağlı hər iki məktəblə əlaqə saxladıq. 281 nömrəli tam orta məktəbdən saytımıza verilən məlumata görə, deyilənlər həqiqəti əks etdirmir: “Elə şagirdlər var ki, onların ötən ildən qalma məktəbli formaları var. Əsas odur yeni tədris ilində məktəbli formasında gəlsinlər. Haradan almalarının önəmi yoxdur”.
196 nömrəli tam orta məktəbdən də bildirildi ki, xüsusi olaraq hər hansı şirkətdən forma almaları ilə bağlı tapşırıq verilməyib: “Nazirlik hansı tapşırığı veribsə bizdə də odur. Haradan alacaqları isə deyilməyib”.
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Elm və Təhsil Nazirliyinin nümayəndələri öz çıxışlarında da qeyd edib ki, vətəndaşlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formaları satış mərkəzlərindən ala da bilərlər və ya özləri də tikdirə bilərlər".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur.