“Volt Azərbaycan”ın fəaliyyəti dayandırıldı

 “Volt Azərbaycan”ın fəaliyyəti dayandırıldı

“Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.

Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri  müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.

 

18:20 - 14 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin