Ata qızına xəsarət yetirib evdən qaçdı - TƏFƏRRÜAT

 Ata qızına xəsarət yetirib evdən qaçdı - TƏFƏRRÜAT

Lənkəranda 1969-cu il təvəllüdlü Aydın şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 26-da Lənkəran rayonu, Sütəmurdov kəndində baş verib. 

Aydın qızı Vüsalənin ona spirtli içki içdiyinə görə irad bildirməsi səbəbindən onunla mübahisə edib. Bu zaman qızının ağız nahiyəsinə qəsdən yumruqla vuraraq ona xəsarətlər yetirib. 
Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2013-cü ildə qızı Vüsalə Mahir ilə ailə həyatı qurub və həmin nikahdan iki uşağı olub: “Lakin son zamanlar Vüsalənin Mahirlə münasibətlərinin pis olması səbəbindən 2 övladı ilə mənimlə birlikdə yaşayır. Mən ara-sıra spirtli içki qəbul edirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Sütəmurdov kənd ərazisində bir qədər spirtli içki qəbul etdikdən sonra yaşadığı evə gedib:

“Evin mətbəx otağına girdikdə qızım ilə rastlaşdım. Qızım spirtli içki qəbul etdiyimə görə mənə irad bildirdi. Qızımın mənə irad bildirdiyinə görə əsəbləşdim, onunla münaqişə etməyə başladım. Münaqişə zamanı yumruqla qızımın ağız nahiyəsinə bir zərbə vurdum. Qızımın ağzından qan gəldiyini gördüm və qorxaraq evdən getdim”.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Aydının barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
 

Demokrat.az

15:50 - 14 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin