“Keçid balını endirdilər, amma yenə irəliləyiş yoxdur”

 “Keçid balını endirdilər, amma yenə irəliləyiş yoxdur”

Abituriyentlərin ixtisas seçimlərinə sayılı günlər qalıb. Bir çox ali məktəblərdə qəbul planında yerlər artırılıb. İddia olunur ki, 10 minə qədər plan yeri boş qalacaq. Bunu abituriyentlərin ballarının aşağı olması ilə əlaqələndirirlər.

Bəs görəsən, plan yerlərinin boş qalmasının səbəbləri nədir? İddialar həqiqəti əks etdirirmi?

Asayis.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov öncədən proqnoz verməyin əleyhinə olduğunu qeyd edib:



“Belə proqnozların əleyhinəyəm. Özüm də bu proqnozu gördüm. 10 000 yerin boş qalacağı deyilib. Düşünürəm ki, düzgün deyil. Bu şəkildə proqnozlar vermək cəmiyyətdə çaşqınlıq, panika yaradır. Gedişat özü göstərəcək. İndilərdə ayrı-ayrı ixtisaslar üzrə plan yerləri məlum olur. Daha sonra da ixtisas seçimi aparılacaq. Plan yerlərinin boş qalıb-qalmayacağı seçimdən sonra bəlli olacaq. Plan yerləri dolmayanda əlavə qəbul keçirilir. İndidən plan yerlərinin boş qalacağını demək düzgün deyil. Problemə çevirmək olmaz”.

Ekspert qeyd edib ki, plan yerlərinin boş qalması faciə deyil:

“Plan yerinin boş qalmasını bəzən təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər. Bu, düzgün deyil. Seçimi düzgün aparmaq məsələsi də var. Elə universitet var ki, hansısa fakültəsinə 150 bal ilə daxil ola bilərsən. Eləsi də var ki, mümkün deyil. 300 bal ilə ödənişsiz oxuyanlar da az deyil. Seçimi düzgün aparmaq vacibdir. Plan yerinin boş qalması faciə deyil. 700 bal yığmayanlar da savadsız hesab olunmamalıdırlar”.
N.İsrafilov ali məktəblərə marağın azaldığını dilə gətirib:

“Artıq peşə məktəblərinə maraq artıb. İnkişafyönümlü tendensiya gedir. Əvvəl hamı ali məktəbə qəbul olmağa çalışırdı. İndi isə yeni ixtisaslar, üstəlik, peşə təhsili səviyyəsində yaranır. İldən-ilə dəyişiklik olur. Elə ixtisaslar var ki, ona meyil və tələbat azalır.

Sovet təhsilində beşballıq şkala olub. 20 bal ən yüksək hesab olunurdu. Test sistemi olandan 700 bala keçdi. Əvvəl minimum keçid 350 bal idi. Ondan sonra gördülər ki, say azaldı, 350 toplayanların sayı az oldu. Yerlər boş qaldı. Keçid balını 200-ə düşürdülər. Daha sonra 150-yə düşürdülər. Lakin yenə irəliləyiş yoxdur”.

“Ali məktəblərə qəbulun modeli dəyişilməlidir. 11 il bu uşaq oxuyub, qəbul imtahanında aşağı bal toplayırsa, illərin zəhməti hədər gedəcək. Zəhməti yerə vurmaq olmaz. Düşünürəm ki, vahid imtahana keçid olmalıdır. Dünyanın əksər ölkələrində belədir”, - deyə N.İsrafilov əlavə edib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin, subbakalavrlar) ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq. 

13:09 - 13 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin