Yay ayları olmasına baxmayaraq, Bakıda evlərin kirayə qiymətlərində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir.
Asayis.Az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında ilk olaraq, bahalaşmanın səbəblərindən danışıb.
O qeyd edib ki, daşınmaz əmlakın satış qiyməti onun kirayə qiymətilə düz mütənasibdir:
“Həm köhnə, həm də yeni tikililərdə mənzillərin qiymətində bahalaşma var. Kirayə qiyməti əmlakın satış qiymətinin 0.5 faizi məbləğində hesablanır. Əgər bir mənzilin qiyməti 100 min manatdırsa, kirayəsi 400-500 manat civarında olur. Ucuz mənzillərə, əsasən, köhnə binalarda rast gəlinir. Yeni tikililərdə kirayə qiymətləri otaq sayı hesabı ilə bundan təqribən iki dəfə bahadır. Kommunal xərcləri də üstünə gəlsək, 15-20 faiz də əlavə artım olur”.
Ekspert bildirib ki, köhnə binaların sökülməsi də kirayə bazarına təsir edir:
“2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhərində istismar müddəti bitmiş binaların sökülməsi prosesi gedir. Köhnə tikililər söküldükcə orada kirayəyə verilən mənzillər artıq kirayə bazarından çıxır. Həmin binaların sakinləri də yeni mənzillərlə təmin olunana qədər ən azı 2-3 il müddətində məcbur kirayədə yaşamalı olurlar”.
E.Fərzəliyev gələcəkdə kirayə qiymətlərilə bağlı proqnozunu da bölüşüb:
“Gələcəyə doğru köhnə binalar söküldükcə paytaxt ərazisində kirayə qiymətlərində artımlar davam edəcək. Bakıda istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan minlərlə köhnə bina var. Bunlar qısa zamanda sökülməlidir. Düşünürəm ki, yaxın on il ərzində paytaxtda ucuz kirayə mənzil tapmaq çətin olacaq”.
Demokrat.az