Valideynlər məktəbli formalarını özləri tikdirə bilərlər - AÇIQLAMA

 Valideynlər məktəbli formalarını özləri tikdirə bilərlər - AÇIQLAMA

Məktəbli formaları ilə bağlı şikayətlər artmaqda davam edir. Bəzi valideynlər yeni forma almayacaqlarını deyirlər.  Bildirirlər ki, qiymətlər baha, mallar isə keyfiyyətsizdir. Onu da qeyd edirlər ki, məktəblərdə formaların haradan alınması ilə bağlı konkret siyahı verilib. 

Maraqlıdır ki, Bakı Tikiş Evində 25 manata olan ətək və şalvar Sədərəkdə 10-15 manata satılır. 15 manata BTE-də satılan köynək orada yenə də ucuz, 8-10 manat arasıdır. 12-18 manat olan jaketin qiyməti isə BTE-də 30-dur.  

Məktəbli formaları ilə bağlı yaranan narazılıqlara təhsil eksperti Kamran Əsədov münasibət bildirib.

Asayis.Az xəbər verir ki, o açıqlamasında qeyd edib ki, yeni qanuna görə, məktəblər forma seçimində sərbəstdir. 


“Hər bir məktəb təklif edilmiş nümunələr arasından istədiyi formanı seçir. Qərarı yalnız məktəb rəhbərliyi vermir. Bu, valideyn komitəsi, məktəb – valideyn  assosiasiyası, şagird özünüidarə təşkilatı ilə birlikdə  müzakirə edilir. Hətta bəzi orta ümumtəhsil məktəblərində ibtidai və yuxarı sinif şagirdləri üçün fərqli məktəbli formaları tətbiq edilir”.

Ekspertin fikrincə, geyimlərin tikilməsi ilə tək Bakı Tikiş Evinin məşğul olması düzgün deyil. 

“Bu, keyfiyyətə ciddi təsir göstərir, rəqabət mühitini zəiflədir. Elm və Təhsil Nazirliyi formaların eskizlərini təqdim edir və məktəblərə göndərir. Artıq valideynlər formaların tikilməsini özləri fərdi qaydada, kollektiv şəkildə və ya məktəblə birlikdə həyata keçirməlidirlər”.


K.Əsədov deyib ki, valideyn uşağı üçün məktəbli formasını necə hazır edəcəyinə özü qərar verə bilər.

“Düzdür, bəzi hallarda məktəb direktorları tikiş evləri ilə qeyri rəsmi razılıq əldə edir, bütün şagirdləri həmin mağazaya yönləndirirlər. Valideynlərə mağazalardakı qiymətlər baha gəlirsə, seçilmiş formanı istədikləri yerdə tikdirə bilərlər, bununçün formanın eskizini tələb etməlidirlər. Bu, qanunla qadağan deyil”. 
 

Demokrat.az

12:29 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin