Qubada olay - Sərxoş qızların gecə macərası

 Qubada olay - Sərxoş qızların gecə macərası

Quba rayonunda 1991-ci il təvəllüdlü Nərgiz rəfiqəsi Aydana (adlar şərti verilib – red. xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin sentyabrın 19-da, gecə saat 00.30-da Quba rayonu, Xucbala kəndi ərazisində baş verib. 

Nərgiz yol kənarında sərxoş vəziyyətdə Aydan ilə mübahisə edib, sonra ictimai qaydanı kobud surətdə pozub. O, Aydana hücum çəkib və pivə şüşəsini yol kənarında dayanan avtomobilin arxa yük yerinin üzərindən götürərək onun sifətinə vurub. 

Hadisəni törədən Nərgizin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən  şəxs qismində ifadə verən Nərgiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlilidir, 7 yaşında bir qız övladı var, hazırda əri cəzaçəkmə müəssisəsində cəza çəkir: “Mən işləmirəm, dolanışığıma tanışlarım kömək edir. Zərərçəkmiş Aydanı il yarımdır tanıyıram. Sentyabrın 18-də, saat 20 radələrində Qusar rayonunda yaşayan Ləman adlı tanışım mənə zəng edərək Qusar rayonunda ad günü məclisinə dəvət etdi. Ləman idarə etdiyi avtomobillə gələrək məni Quba şəhəri, H.Əliyev prospektindəki “Çinar” restoranının qarşısından götürdü və “Əli Ticarət” Mərkəzinin arxa tərəfindən Aydan, Nərmin, Ayla və Xanım adlı qızları götürərək Qusara getdik. Qusar şəhərinin mərkəzində Ləman avtomobilini saxladı. Bizə 500 manat pul verib məclisdə iştirak edə bilməyəcəyini bildirdi, taksiyə minib getməyimizi xahiş etdi. Biz də Ləmanın avtomobilindən düşərək taksiyə mindik,“Şahdağ” istiqamətində hərəkət edərək orada olan həyət evlərindən birinə getdik. Biz məclisdə içki içdik. Aydan spirtli içki qəbul etdikdən sonra məclisdə olan tanımadığımız kişilərlə, qızlarla deyib-gülərək mənə söz atmağa başladı. Aramızda mübahisə yarandığı üçün taksi çağırdıq, getdiyimiz evdən çıxaraq Quba şəhərinə qayıtdıq. Yolda Ləman ilə telefon əlaqəsi yaradıb danışarkən, bizə Quba rayonu ilə Qusar rayonunun sərhəddində yerləşən Xuçbala kəndinə gələrək yol kənarənda görüşməyi təklif etdi. Yol gedərkən Aydan yenə də ünvanıma nalayiq ifadələr işlətdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Xuçbala kəndinə çatıb və taksidən düşüblər: “Sonra Ləmanın avtomobilinə tərəf gedən zaman Aydan yenidən ünvanıma nalayiq söyüş söyməyə başladı. Aydanın söyüşlərindən əsəbləşdim, taksinin "kapot"unun üzərində olan pivə şüşəsini götürərək 2-3 metr məsafədən Aydanın üzərinə atdım. Pivə şüşəsi Aydanın başına dəydi. Aydan yerə yıxıldı. Həmin vaxt yanımızda olan qızlar və taksi sürücüsü bizi araladılar. Sonra Ləman və yanımızda olan qızlar Aydana kömək etdi, onu Ləmanın avtomobilinə mindirdik. Mən isə yol maşını ilə Qubadakı evimə gəldim”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən  peşiman olduğunu, himayəsində olan azyaşlı uşağını təkbaşına böyütdüyünü, ondan başqa uşağına baxacaq şəxsin olmadığını, zərərçəkmiş şəxsdən üzr istəyərək onu bağışlamağı bildirib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Aydanın sözlərinə görə, sentyabrın 18-də, saat təxminən 18 radələrində Qusar şəhərində təşkil olunan ad günü məclisində iştirak etmək üçün tanışları Nərgiz, Nərmin, Ayla və Xanımla birlikdə Qusar şəhərində yaşayan tanışları Ləman  adında xanımın avtomobili ilə Quba şəhərindən Qusar şəhərinə gəliblər: “Qusar şəhərinin mərkəzində Ləman idarə etdiyi avtomobilini saxlayaraq bizə 500 manat verdi, məclisdə iştirak edə bilməyəcəyini bildirərək taksiyə minib getməyimizi xahiş etdi. Biz də Ləmanın avtomobilindən düşüb taksiyə mindik, Qusar şəhərində yerləşən tanımadığımız həyət evlərinin birinə getdik. Biz məclisdə oturub içki içdik. Nərgiz spirtli işki qəbul etdikdən sonra məclisdə olan adamlarla o, cümlədəndə mənimlə mübahisə etməyə başladı. Nəticədə aramızda mübahisə yarandı. Orada Nərgiz ünvanınma nalayiq söyüşlər söydüyü üçün mübahisələrimiz daha da böyüdü və biz məclisdən çıxaraq, taksi çağıraraq Quba şəhərinə qayıtdıq”.

Zərərçəkmiş qeyd edib ki, yolda Ləman onlara zəng edib və Quba rayonunun Xuçbala kəndində yol kənarında görüşməyi təklif edib: “Maşınla yol gedərkən aralarında yenidən mübahisə yarandı. Biz maşında bir-birimizin ünvanına söyüş söydük. Yol kənarında olan zaman Nərgiz məni söyərək Nərminin özü ilə məclisdən götürdüyü içi dolu pivə şüşəsini avtomobilin arxa yük yerinin üzərindən götürdü və mənim üzərimə atdı. Pivə şüşəsi zərblə alnıma dəydi. Zərbənin təsirindən huşumu itirərək arxası üstə yerə yıxıldım. Sonra yanımda olan qızlar məni  Ləmanın avtomobilinə mindirərək xəstəxanaya apardılar”. 

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Nərgiz 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, Nərgizin himayəsində olan 2015-ci il təvəllüdlü övladı 14 yaşına çatanadək azadlıqdan mərhum etmə cəzasının çəkilməsi təxirə salınıb. 

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 
 

Demokrat.az

10:11 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin