Şagirdlərin sağlamlığına təhlükə - 2.5 manata məktəbli köynəkləri SATILIR (VİDEO)

 Şagirdlərin sağlamlığına təhlükə - 2.5 manata məktəbli köynəkləri SATILIR (VİDEO)
Ötən gün sosial şəbəkələrdə yeni məktəbli köynəkləri ilə bağlı paylaşım olub. Paylaşımda məktəbli köynəyi alıcılara 2 manat 50 qəpiyə təqdim edilir. Qiymətin bu qədər ucuz olması ciddi müzakirələrə yol açıb. Çünki, bu qiymətə satılan köynəyin hansı keyfiyyətdə olması ciddi şübhə doğurur. 

Asayis.Az xəbər verir ki, məsələ ilə əlaqədar Bizim.Media-ya açıqlama verən “Bakı Tikiş Evi”nin şöbə müdiri Etibar Əzimov bildirib ki, istənilən malın maya dəyəri olur:
 
“Məktəbli köynəyinin də öz maya dəyəri var. Maraqlıdır ki, bu köynəyin maya dəyəri neçəyə çıxır ki, onu 2 manat 50 qəpiyə satırlar?! Bu işbazların oyunudur. İnsanların heysiyyatı ilə oynayırlar.

Bu qiymətə təklif edilən köynəyin keyfiyyəti barədə danışmaq yersizdir. Bu cür ucuz məhsullar keyfiyyətsiz olması ilə yanaşı, həm də insan orqanizmi üçün çox ciddi təhlükə mənbəyidir”.

 Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib ki, 2 manat 50 qəpiyə məktəbli köynəyinin satılması ciddi narahatlıq doğurur:

“Belə hallar ona görə baş verir ki, 10 ildən artıqdır məktəbli forması ətrafında müzakirələr gedir, lakin konkret nəticəyə nail olunmur. Ölkəmizdə 1.5 milyondan artıq şagird var. Bu qədər şagirdin geyimi üçün ən azı 4-5 iri fabrik açmaq olar ki, bu ehtiyacı ödəsin.

Bu da həm iş yeri, həm yerli istehsalın artımı, həm də valyutanın ölkəmizdə qalması deməkdir. Di gəl ki, hər il bu məsələ ətrafında müzakirə aparılsa da real iş yoxdur. Ona görə də işbazlar dövriyyəyə girir. Məktəb direktorları ilə sövdələşən işbazlar valideynləri formanı istədikləri qiymətə almağa məcbur edirlər. Bu da ancaq təəssüf doğurur”.
 

 

10:00 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin