"Qızıl Səadət"in 21 kiloqram qızılına görə general 400 min rüşvət istəyib? - Qohumu da həbs edildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun adı hallanan, "qızıl Səadət"in şikayəti əsasında açılan cinayət işi ilə bağlı məhkəmə qərar verib. 

Asayis.Az-ın məlumatına görə, iş üzrə gömrük general-mayoru Məsum Rəsulovun yaxın qohumu, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində anadan olmuş Türkan Abdullayeva saxlanılıb. 

Hadisə isə belə baş verib. Səadət adlı qadının 2021-ci ildə Türkiyədən 865.000 ABŞ dolları dəyərində olan cəmi 21 kiloqram 895 qram müxtəlif adda qızıl-zinət əşyaları gömrükdə bəyan edilmədiyi üçün saxlanılıb. Səadətə Türkiyədən Azərbaycana göndərdiyi qızılların sərhəddə tutulması ilə bağlı cinayət işinə Dövlət Gömrük Komitəsinin İstintaq Baş İdarəsndə müstəntiq işləyən Elxanın rəhbərlik etdiyi bildirilib. O, bu işin həll edilməsi üçün vaxtı ilə Komitədə yüksək vəzifədə çalışmış tələbə yoldaşı Mehman Sadıqovla görüşüb. Mehman Sadıqov onu dəstək olmaq üçün general-mayor Məsum Rəsulovun qohumu Türkan Abdullayeva ilə görüşdürüb. 

Türkan Abdullayeva görüş zamanı Mənsum Rəsulova zəng edib və işi 400.000 manata həll edə biləcəyini deyib. Türkan Abdullayeva həmçinin qeyd edib ki, məsələni "Yaxt Klub”da Mənsum Rəsulovla görüşərək həll edəcək. Səadət isə bu işə görə cəmi 100.000 manat verməyə razılaşıb.

Üstəlik Türkan Abdullayeva söhbət əsnasında Məsum Rəsulovun tapşırığı ilə gömrükdə saxlanılmış və dövlət nəfinə keçmiş siqaret və alkaqollu içkiləri götürüb satdığını da deyib.

7 may 2022-ci il tarixdə Səadət ilkin olaraq Mərkəzi Univermaqda yerləşən ofisində Mehman Sadıqova 12 min dollar verib. Daha sonra Mehman Sadıqov Türkan Abdullayevanın "Yaxt Klub”da Mənsum Rəsulovla görüşdə 600 manat hesab verdiyini deyib və həmin vəsaiti də Səadətdən alıb. 



Dövlət Gömrük Komitəsində keçirilən məlum əməliyyatlardan sonra işinin həll edilmədiyini görən Səadət hüquq-mühafizə orqanlarına müraciət edib. 

Qızıl ticarətçisi olan Səadət məhkəmədə bu işdə digər günahkar kimi keçmiş gömrük məmuru Mehman Sadıqovu göstərib: "Ömründə bir-iki dəfə 3 günlük Türkiyəyə getməyən Mehman Sadıqov 2023-cü ildə ölkəni tərk edib və bu günə qədər dönməyib. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 178.2.1 maddəsi var. Onunla əlbir olub məni aldadan Mehman Sadıqovun əməlində də Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 178.2.4, 32.4, 312.2-ci maddələrinin olmasını nəzərə alaraq, işin düzgün qiymətləndirilməsi üçün Baş Prokurorluğa qaytarılmasının təmin olunması xahiş edirəm”. 

O da məlum olub ki, Türkan Abdullayeva dəfələrlə dələduzluq maddəsi ilə saxlanılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya - prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, onun həbsdə saxlama müddəti 2 ay, yəni 27 sentyabr 2023-cü il tarixədək müəyyən edilib. 

Qeyd edək ki, general-mayor Məsum Rəsulov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində 2022-ci ilin iyulun 14-də Məsum Rəsulov saxlanılıb. O, 18.03.2023-cü il tarixində ev dustaqlığına buraxılıb. Məsum Rəsulovun gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlaması da məlum olub.

 Qaynarinfo

18:00 - 9 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin