Gənc oğlan bibisinin evinə basqın etdi, pul vermədikdə isə... - Sumqayıtda şok olay

 Gənc oğlan bibisinin evinə basqın etdi, pul vermədikdə isə... - Sumqayıtda şok olay

Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Müslüm bibisi Aydagülə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 4-də Sumqayıt şəhəri, Corat bağlar massivində baş verib. 

Müslüm Aydagülün fərdi yaşayış evində onu nalayiq ifadələrlə təhqir edib və pul tələb edib. Pul vermədikdə isə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı təpiklə onun sağ bud nahiyəsinə və bel nahiyəsinə vurub. 

Hadisəni törədən Müslümün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müslüm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aydagül onun doğma bibisidir, onunla ədavət və ya düşmənçiliyi olmayıb: “Lakin bir neçə dəfə bibim ilə aramızda mübahisələrimiz olub. Uzun müddətdir ki, səhhətim ilə bağlı olaraq hər hansı bir fiziki işlə məşğul ola bilməmişəm. Bu səbəbdən qardaşım məni yaşadığım evə buraxmayıb və bir neçə gün idi ki, qalacaq yerim olmayıb. Qalmağa yerim olmadığından və işləmədiyim üçün pulum  olmadığına görə 4 fevral 2023-cü ildə, təxminən saat 08 radələrində bibim Aydagülün yaşadığı Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinə getdim. Bibimi səsləsəm də, cavab verən olmadığından qərara gəldim ki, hasardan aşıb həyətə düşüm. Hasardan aşıb həyətə keçdikdən sonra da bibimi çağırdım. Lakin yenə də cavab verən olmadığından yatdığını düşündüm. Buna görə də mətbəxin pəncərəsindən evə daxil oldum. Evə daxil olduqdan sonra bibim Aydagül və onun qızı Nərmin səs eşidərək yanıma gəldilər. Bibimə qalacaq yerimin olmadığını, qardaşımın məni evə buraxmamasını, işləmədiyimdən pulumun olmadığını dedim. Bibimdən mənə bir qədər pul verməsini istədim”.

Təqsirləndirilən şəxs qismində ifadə verən əvvəllər də bir neçə dələ bibisi Aydagülün evində qalıb və pul istədikdə sonuncu ona pul verib: “Lakin bibim Aydagül mənə pulunun olmadığını dedi, evindən getməyimi tələb etdi. Bundan sonra aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək təpiklə bibimin sağ bud nahiyəsinə bir dəfə zərbə vurdum. Zərbənin təsirindən bibim yerə yıxılanda kürək nahiyəsindən də bir dəfə təpiklə zərbə endirdim. Sonra isə oradan qaçdım. Bir neçə dəqiqə sonra polis əməkdaşları mənə yaxınlaşdılar və özlərini təqdim edərək bibimin barəmdə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə şikayət etməsini bildirdilər. Məni Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə dəvət etdilər. Mən də öz növbəmdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birlikdə polis bölməsinə getdim. Orada izahatım alındıqdan sonra evə buraxıldım”.

İş üzrə zərərçəkmiş Aydagülün sözlərinə görə, qardaşı oğlu Müslüm uzun müddətdir onu narahat edib, evdə olduğu zaman və evdə olmadığı vaxtlarda da yaşadığı evin hasarından aşaraq həyətinə, bəzən də evinə girib: “Müslüm tüfeyli həyat tərzi yaşadığından məndən dəfələrlə pul istəyib. Ona pul vermədikdə isə mənimlə mübahisə edib, münaqişə yaradıb. Buna görə bir neçə dəfə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət etmişəm. Məhkəmə tərəfindən onun barəsində inzibati qaydada da tədbir görülüb”.

Zərərçəkmiş qeyd edib ki, fevralın 4-də, təxminən saat 08 radələrində yaşadığı evdə yatdığı zaman evin mətbəxindən səs-küyə oyanıb və mətbəxə keçəndə Müslümün orada olduğunu görüb:

“Həmin vaxt səsə qızım Nərmin də oyanaraq yanıma gəldi. Müslümdən evimdən getməsini istədim. Müslüm isə pula ehtiyacı olduğundan gəldiyini dedi, məndən pul istədi. Müslümə pul verməyəcəyimi deyəndə isə aramızda mübahisə yarandı. Mübahisə zamanı Müslüm təpiklə sağ bud nahiyəmə və bel nahiyəmə vuraraq xəsarət yetirdi. Bundan sonra Müslümün əlindən yaxa qurtararaq qızım ilə birlikdə başqa otağa keçdik. Qızım Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdi. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları gələrək Müslümü apardılar”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Müslümün barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 
 

Demokrat.az

11:27 - 8 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin