Əkin sahələri üzrə aqrar sığorta ödənişləri belə verilir - Göyçayda regional tədbir keçirildi

 Əkin sahələri üzrə aqrar sığorta ödənişləri belə verilir - Göyçayda regional tədbir keçirildi

Göyçay rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib. 

Asayis.Az xəbər verir ki, Aqrar Sığorta Fondu, Göyçay rayon İcra Hakimiyyəti və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Aran iqtisadi rayonunda aqrar sığortanın tətbiqi, ölkədə baş verən təbii fəlakət və fermerlərə ödənişlər, bu sahədə gözlənilən yeniliklər müzakirə edilib. 

Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta dövlətin fermerlərə dəstək tədbirlərinin davamıdır. Belə ki, aqrar sığorta haqqının 50%-in fermerlərə dəstək üçün dövlət özü ödəyir. 

Onun sözlərinə görə, 2022-ci ildə Mərkəzi Aran Regionunda fermer və təsərrüfatlara 350 min manata yaxın, 2023-cü ilin ilk yarısında isə 260 min manat sığorta  ödənişi edilib. 

Fond sədri bildirib ki, havaların qeyri-sabit keçməsi, leysan yağışları, sel və daşqınlar səbəbindən sığorta hadisələri ötən ilə nisbətən  kəskin artıb. Bu hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə növbəti həftələrdə başanılacaq. 

Göyçay rayon icra hakimiyyətinin başçısı Natiq Əliyev rayonda kənd təsərrüfatının rolunu qeyd edərək, fermer və təərrüfatların dayanıqlı inkişafı üçün  aqrar sığortanın vacibliyini bildirib. Onun sözlərinə görə, aqrar sığortanın daha da genişlənməsi  yeni məhsulların sığortalanmasına da şərait yarada bilər.

Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri buğda, arpa, nar, xurma və digər meyvələrin sığortası, aqrar sığorta ekspertlərinin fəaliyyəti, sahələrə baxış və sair ilə bağlı suallarını və təkliflərini səsləndiriblər. 

Tədbirdə qeyd edilib ki, əkin sahələrində sığorta hadisəsi baş verəndə əraziyə  iki dəfə ekspert baxışı keçirilir və dəyən zərər dəqiq müayyən olunaraq ödəniş edilir.  

Görüşdə fermerlərə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib. Bildirilib ki, istənilən fermer bu xidmətlər vasitəsilə sığorta haqqını hesablaya və sığorta şəhadətnəməsini yoxlaya bilər. 

Tədbirdə iştirak edən müstəqil aqrar sığorta eksperti Rəşad Məmmədov fermerlərin əkin sahələrinin aqrar sığortası ilə bağlı suallarını cavablandırıb. 

Regional görüşdə Mərkəzi Aran regionunda aqrar sığortanın tətbiqinə dəstək olan şəxslərə təşəkkürnamələr təqdim edilib. 

Tədbirdən sonra Göyçay rayonunun Üngütlü kəndində nümunəvi təsərrüfata, meyvə bağına baxış keçirilib.

 

20:00 - 7 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin