Prezident İlham Əliyev dünən Rəcəb Zakir oğlu Rəhimlini Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Asayis.Az xəbər verir ki, Bakupost.az yeni icra başçısının kimliyi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, əslən Ordubad rayonundan olan icra başçısının çox maraqlı tərcümeyi-halı var.
Bu məsələdə bizə yardımcı olan Ordubad rayonunda doğulmuş jurnalist Çingiz Özgür ilginç məlumatlar təqdim edib.
“Rəcəb Rəhimli Ordubad rayonunun Dırnıs kəndindəndir. Dırnıs kəndi adət-ənənələrə, soy-kökə bağlılığı ilə, oxumuş, ziyalı adamları və hər iki Qarabağ müharibəsində, Vətən uğrunda döyüşmüş, şəhid olmuş övladları ilə bütün ölkədə tanınan bir kənddir. Bildiyim qədəri ilə, Rəcəb müəllim də öz kəndi, kəndçiləri ilə əlaqəni itirməyən, elinə obasına bağlı bir adamdır. Bu xüsusiyyətlər bəs edir ki, Ordubadda seviləsən.
Dünənki sərəncamdan sonra mənə xeyli dost tanış zəng edib, yeni icra başçısı haqda soruşdu deyə, mən də bir balaca araşdırma apardım. Və özümə də maraqlı olan bəzi faktlar tapdım.
Rəcəb Rəhimli siyasi elmlər üzrə fəlsəfə doktorudur, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri işləyirdi. Həm bakalavr, həm də magistr təhsilini 1995-2002 ci illərdə dövlət xətti ilə Türkiyə Respublikasının Ankara şəhərindəki Qazi Universitetinin “İqtisadiyyat və İdarəetmə Elmləri” fakültəsində dövlət idarəçiliyi ixtisası üzrə başa vurub. 2003-2008-ci illər arasında Ankara Universiteti Siyasət Elmləri fakültəsində “Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası üzrə doktorantura pilləsində dövlət xətti ilə təhsil almış,
“Azərbaycanda dövlət qulluqçuları: hüquqları, vəzifələri və nəzarət” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası üzrə (Ph.D.) alimlik dərəcəsi alıb. Rəcəb müəllimin xaricdə və respublikamızda nəşr olunmuş 85 elmi məqalənin və 4 monoqrafiyanın, 5 kitabın (həmmüəllif) müəllifidir. Müxtəlif ölkələrdə (Fransa, İspaniya, Macarıstan, Avstriya, Türkiyə, Ukrayna, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s.) keçirilən elmi seminar, beynəlxalq konfrans və simpoziumlarda iştirak edib”.
Çingiz Özgür əlavə edib ki, bütün bunlarla yanaşı Rəcəb Rəhimli sadə və mütəvazi həyat tərzinə malik bir ziyalı kimi tanınır: “Bunu demək nə dərəcədə düzgündür bilmirəm, amma bildiyim qədəri ilə yaxın vaxtlara qədər şəxsi evi və maşını olmayıb, kirayədə yaşayırmış.
Biz ordubadlı ziyalılar bu seçimin Ordubad üçün uğurlu bir seçim olduğunu, elimizin idarə edilməsində və inkişafında Rəcəb müəllimin xüsusi xidmətləri olacağını düşünürük. Dünənki sərəncam açığı bir az gözlənilməz olsa da, çox sevindirici oldu. Ona görə ki, Ordubada məhz ziyalı adam, bir alim başçılıq edəcək”.