Yumurtanın qiyməti UCUZLAŞACAQ? - AÇIQLAMA

 Yumurtanın qiyməti UCUZLAŞACAQ? - AÇIQLAMA

Hər il yay aylarında yumurtanın qiymətində ucuzlaşma olsa da bu il qiymətlər stabil qalıb. Belə ki, hazırda marketlərdə 17-20 qəpik arası inkubator, 20-25 qəpiyə isə kənd yumurtası təklif edilir. 

Qış aylarında havaların soyuması səbəbindən baha olan yumurtanın isti günlərdə niyə bu qiymətə olması maraq doğurur. 

Bəs görəsən yumurtanın qiymətində ucuzlaşma olacaq?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bizim.Media-ya açıqlamasında bahalığın səbəbini istehsalda azalma və yemin qiymətinin artması ilə əlaqələndirib:
 
“Azərbaycanda yumurta ilə bağlı təklif azalanda qiymətlər artır. Bu o deməkdir ki, istehsalda azalma var. Bu səbəblərdən birincisidir. İkincisi isə son vaxtlar yumurta istehsalı ilə məşğul olan sahibkarların istehsal xərci artıb. Yemin qiymətində artım öz növbəsində yumurtanın maya dəyərini artırır və belə olan halda da satış qiyməti artır”.

Ekspertin sözlərinə görə önümüzdəki dövrdə yumurtanın ucuzlaşması gözlənilmir:

“Ola bilər ki hökumət hansısa təsir vasitələrindən istifadə etsin və qiymətin nisbətən enməsinə nail olsun. Amma bu iqtisadi baxımdan istehsalçılara fayda verməz. Fərdi təsərrüfatlarda istehsal olunan yəni kənd yumurtası qış və yay aylarında fərqli qiymətə olur. Ona görə ki qış vaxtı istehsal azalır. Payızdan başlayaraq qışa doğru istehsal azalır ki, bu da kəskin bahalaşmaya səbəb olur. 

Yay aylarında isə istehsal artır. Hazırda kənd yumurtasının qiymətində 20 faiz artım görürük. Əvvəl 25 qəpiyə satılan yumurta 30 qəpiyə qədər satılır. Amma quşçuluq fabrikində istehsal olunan yumurtanın istehsalında elə bir problem olmamalıdır. Yəni orda intensiv qaydada yemlənmə və iş prosesi həyata keçirilir”.

V.Məhərrəmov hazırkı qiymətlərin yumurtanın azalması, yemin az olması, toyuqların kəsimə getməsi və yerinə təminatın olmamasından irəli gəldiyini bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycan rəsmi məlumatlara görə toyuq əti və yumurta istehsalında, təəssüf ki, azalma müşahidə olunur:

“Bunun üzərinə hökumətin daxili bazarı qorumaq üçün xaricdən gətirilən yumurtaya və ət məhsullarına müəyyən rüsum artımlarını da gələndə bazarda bir boşluq yarandı. Çatışmazlıq yaranan kimi isə bu, qiymətlərə təsir göstərdi”.

Ekspert vurğulayıb ki, bütün məhdudiyyətlərin aradan qaldırması problemdən qısamüddətli çıxış yolu ola bilər:

“Heç olmasa bu ilin sonuna qədər xaricdən toyuq əti və yumurtanın gətirilməsinə qoyulan məhdudiyyətlər aradan qalxsa, bazarda müəyyən bolluq yaranar. Bu da qiymətlərin tənzimlənməsində yaxşı mənada rol oynaya bilər”.

15:49 - 28 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin