Vüsal Kərimli ilə bağlı qərar - BNA-da dəhşətli yeyinti faktları və FETÖ şübhəsi

 Vüsal Kərimli ilə bağlı qərar - BNA-da dəhşətli yeyinti faktları və FETÖ şübhəsi

İki gündür ölkə mediası Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirildiyi haqda məlumat yayır. İyulun 25-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib. Bu əməliyyatların korrupsiya bağlı olduğu məlumdur. İlk gün əməliyyatın konkret səbəbi, kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, BNA haqda indiyədək yazılanlardan, deyilənlərdən aydın idi ki, ortada ciddi qanun pozuntuları var. Olmasa, niyə qurumda xüsusi əməliyyat keçirilsin? 

İyulun 26-da günün ikinci yarısı BNA-da keçirilən əməliyyatla bağlı növbəti xəbərlər yayıldı. Baş Prokurorluqdan bildirilib ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bunlar rəsmi, quru xəbərlərdi. Fikir verirsinizsə, mənimsənilən məbləğ də çox azdır. 16 min 500 manat belə korrupsiyaya açıq qurumlarda “çay pulu” hesab edilir. Amma BNA-da əməliyyatın keçirilməsi faktı çox ilgincdir.



BNA-nın rəhbəri Vüsal Kərimli əməliyyatlar barədə açıqlama verib. Deyib ki, hazırda məzuniyyətdədir. Sitat:

“Bəli, BNA-da əməliyyat keçirilib, istintaq aparılır. Saxlanılanlarla və mənimlə bağlı aidiyyatı qurum məlumat verəcək. Xeyr, mənimlə bağlı hələ ki problem yoxdur,  dəvət olunmamışam”.

Vüsal Kərimli məzuniyyətdə olan vaxt qurumda əməliyyat keçirilir. İşçilərini tuturlar, buna toxunmurlar. Görəsən, V.Kərimli bu əməliyyatı eşidib, Bakıya dönübmü? Yoxsa istirahətə davam edir? Bu suallara cavab öyrənə bilsək, oxucularla bölüşərdik.

İndiyədək bir neçə qurumda analoji əməliyyatlar aparılıb. Məsələn, 2020-ci ilin iyul ayının əvvəlində DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirildi. Xeyli vəzifəli şəxs tutuldu. Amma o vaxtkı nazir Elmar Məmmədyarov vəzifədə və azadlıqda qaldı. Prezident onu bu əməliyyatlardan sonra işdən çıxardı. Məşhur “evdən işləyirəm” söhbətini yəqin xatırladınız.

2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində DTX xüsusi əməliyyat keçirmişdi. Nazir müavini Rafiq Bayramov saxlanılmışdı. O zamankı nazir Əbülfəs Qarayev azadlığını qoruya bilmişdi. Amma vəzifəsini qoruya bilmədi. İşdən çıxarıldı.

Ondan sonrakı nazir Anar Kərimovun da bəxti gətirmədi. Belə ki, 2022-ci il noyabr ayının 1-də məlumat yayıldı ki Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyata başlayıb. Sonradan bilindi ki, əməliyyat zamanı nazirin 1-ci müavini  Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb. Bu əməliyyat sırasında nazir Anar Kərimova toxunulmadı. O da Vüsal Kərimli kimi mediaya açıqlama vermişdi. Sanki kənar müşahidəçi kimi şərh etmişdi əməliyyatı. Elə bil, media bunu nazir kimi yox, ekspert qismində danışdırır. Çox rahat idi. Amma az sonra rahatlığı pozuldu. Prezident sərəncamı ilə vəzifədən çıxarıldı. Mədəniyyət Nazirliyində aşkarlanan o qədər qanunsuzluğa rəğmən Anar Kərimov həbs edilmədi.

İndi hamı maraqlanır ki, bu təcrübələr Vüsal Kərimliyə də tətbiq ediləcəkmi? Onu da işdən çıxarıb, azadlığına toxunmayacaqlar? Biz kimsənin pis gününü arzulamırıq. Demirik, Vüsal Kərimli həbs edilməlidir. Sadəcə qanun necə tələb edir, ona uyğun qaydada davranılmasını istəyirik.

Vüsal Kərimli hazırda məzuniyyətdədir. Xaricdə dincəlir yəqin ki. Maraqlıdır, o, bu əməliyyatdan, işçilərinin həbsindən sonra təcili şəkildə Azərbaycana qayıdıbmı? Ümumiyyətlə, Vüsal müəllimin Bakıya dönmək fikri varmı? Gəlməyə bilərmi? Bu suallara yaxın günlərdə aydınlıq gətirilər yəqin ki. Mümkündür ki, Vüsal Kərimli BNA-da keçiriləcək antikorrupsiya əməliyyatlarından öncədən xəbərdar olsun.

Dünən mediada onun rəhbərlik etdiyi qurumdakı qanunsuzluqlar, korrupsiya faktları haqda növbəti araşdırma yazı dərc edilmişdi. Həmin yazıda çox ciddi yeyinti, korrupsiya faktları göstərilmişdi. O faktların biri bəs edir ki, Vüsal Kərimli haqda istintaq başlasın.



Vüsal Kərimlinin adı FETÖ ilə bağlı da tez-tez hallandırılır. Mətbuatda bu haqda indiyə kimi xeyli məqalə dərc olunub. Deyilənə görə, BNA -nın baş direktoru Fətulla Gülən şəbəkəsinə yaxınlığı ilə seçilir. Bu deyilənlərin nə qədər düz, hara qədər yalan olduğunu söyləmək çətindir. Onun özü bu iddialara aydınlıq gətirsə, məmnuniyyətlə mövqeyini işıqlandırardıq. Amma bir məsələ diqqət çəkir: ötən həftə Azərbaycanda FETÖ-a bağlı şəxslər həbs edilib. Bu cür həbslərin davamlı olacağı haqda məlumatlar yayılır. Mümkündür ki, V.Kərimlinin də FETÖ bağlantısı aidiyyatı qurumlar tərəfinfən araşdırılısın. 

Globalinfo.az-da bir neçə gün əvvəl ölkədə səs-küylü həbslərin olacağı, xüsusi əməliyyatların keçiriləcəyi haqda məqalə dərc olunmuşdu. Deyəsən prosesə start verilib. Ötən gün Milli Hematologiya və Transfuziologiya Mərkəzində əməliyyat keçirilib, saxlanılan var.

Ola bilsin, bu dəfə nisbətən aşağılardan başlayıb, üzü yuxarıya gediləcək. Saxlanılanlar balaca korrupsionerlərdir. Onların rəhbərləri azadlıqda və vəzifədə qalırsa, bu cür tədbirlər ictimai dəstək qazanmadığı kimi, dövlət və cəmiyyət üçün effektiv olmur. İnanırıq, dövlət növbəti dəfə bağırsaqlarını təmizləmək üçün daha ciddi tədbirlərə start verəcək.

10:56 - 27 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin