“Əkinçi”dən bu günə Azərbaycan mediası — Peşəkarlar onu necə görmək istəyir? — SORĞU

 “Əkinçi”dən bu günə Azərbaycan mediası — Peşəkarlar onu necə görmək istəyir? — SORĞU

Maarifçi publisist Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu milli mətbuatımız yaranmasının 148-ci ilini qeyd edir.

Asayis.az xəbər verir ki, Demokrat.az
 Milli Mətbuat Günü ərəfəsində tanınmış media nümayəndələri arasında sorğu keçirib.

Maraqlıdır, mediamızın bugünkü inkişafı bu sahədə öz sözünü demiş, imzası ilə seçilən peşəkarları qane edirmi?



Jurnalist Cəvahir Səlimqızı:
 
“Mətbuat günü ərəfəsində yalnız xoş sözlər demək istəyirəm. Ona görə də arzularımı yazacağam. Hər zaman dürüst, obyektiv olaq. İnformasiyanı dəqiqləşdirmədən verməyək. Peşəkarlığımıza xələl gətirməyək. Bu peşəyə hörmət etməyimiz yetər”.



Jurnalist Xalid Kazımlı:

“Mediamızın bugünkü durumu və inkişaf səviyyəsi, mənə görə, qaneedici deyil. Bir xeyli problemlər var. Xüsusilə də gənc kadrların peşəkarlıq səviyyəsi ürəkaçan deyil. İşə qəbul etdiyimiz gənclərdən ölkənin son 50 ildə, 30 ildə ən tanınmış, məşhur imza sahibi olan jurnalistlərinin adını soruşuruq, heç birini tanımırlar. Demək, onlar qəzet-jurnal oxumayıblar, parlaq imzaların yazdıqlarından xəbərsizdirlər. Necə ola bilər ki, bir adam ömründə heç bir roman, hekayə oxumayıb, amma özü roman yazacaq? Yaxud bir şəxs heç vaxt idmanla məşğul olmayıb, amma olimpiya oyunlarına qatılır ki, medal qazanacaq. Belə şeylər mümkün deyil... Bir də media qurumlarının özlərini müstəqil şəkildə maliyyələşdirə bilməməsi ciddi problemdir. Amma bu, həm uzun söhbətdir, həm də indiki halda həlli çox müşkül olan məsələdir”.



Jurnalist Vüsal Məmmədov:

“Mənə elə gəlir ki, biz Azərbaycan mediasının inkişafından danışmazdan əvvəl onun olduğu yer, harada dayanması və bundan sonra hansı tərəfi gedəcəyi barədə danışmalıyıq. Yolu  seçəndən sonra həmin yolda nə qədər irəli getməkdən danışmaq olar. İnkişaf istiqaməti seçdikdən  sonrakı mərhələdi. Fikrimcə biz hələ istiqamətimizi dəqiqləşdirməmişik. Obrazlı desəm,  Azərbaycan mediası sanki meydanda dayanıb, meydandan 7-8 istiqamətə yol gedir. İrəli, geri, sağa, sola gedən yollar var… Biz hələ hansı yolu seçəcəyimizi müəyyənləşdirməmişik, keçid mərhələsindəyik. 

Ümid edirəm ki, irəli gedəcəyik. Amma hələ irəli getdiyimizi iddia etmək tezdir. 

Biz dünyanın qabaqcıl, eyni zamanda ənənəvi media təcrübələrini yaxından öyrənməli, tətbiq etməyə çalışmalıyıq. Bunu edən milli redaktor korpusu formalaşmalıdır. Bunun olması üçün də milli redaktor məktəbi olmalıdır. Hələ bunlar yoxdu, yaradılmalıdı. Bununçün də bir qədər vaxt və zəhmət lazımdır. İnsan resursları, intellektual resurslar və digər resursları artırmalıyıq. 

Bədbin də deyiləm. Azərbaycan mediasının gələcəyinə inanıram. Və düşünürəm ki, bu işi canı qədər sevən insanlar var, olacaq da. Bütün hallarda bu sahənin inkişafı üçün əllərindən gələni edəcəklər. Dövlət dəstəyi də varsa, bu insanlar uğur qazanacaqlar”. 



Jurnalist Ayyət Əhməd:

“Mediamızın bugünkü inkişafı məni qane edir, amma doldurulmalı olan boşluqlar da var. Hesab edirəm ki, MEDİA Agentliyi də məhz o vakuumun doldurulması ilə məşğul olur. Artıq yeni qlobal çağırışlar var. Redaksiyalar o çağırışlara transformasiya etməlidir. Bütün bunlarsa peşəkar jurnalistlərin sayəsində baş tuta bilər. Ümumən həyatımızın bütün sahələri və media platformasının ayrı-ayrı seqmentləri nə qədər rəqəmsallaşsa da, jurnalist mətn yazmağı, normal cümlə qurmağı bacarmalıdır. Bizim mətbuatda isə bu sahədə durum günbəgün mürəkkəbləşir. Professional jurnalistlər qələmi qoyub başqa sahələrə keçid edirlər, çünki bu sahə cazibliyini itirir. 

80-90-ların nümayəndələri qələmi yerə qoysalar, demək olar ki, redaktorlar korpusu laxlayacaq. Bu, çox ciddi siqnaldır. Doğrudur, redaktorlar daim kulisdə qalırlar, onlar “vitrin”ə çıxmırlar. Amma o gözəgörünməzlər olmasa, işlər irəliləməz. Peşəkarlardan ibarət redaktorlar korpusu formalaşdırılmalıdır. Kimsə kiminsə xalası nəvəsidir prinsipi ilə işləmək olmaz. Bu mediadır və onun missiyasi stratejidir.Strateji işdə güzəşt olmamalıdır. 

İkinci məsələ odur ki, Azərbaycanda xaricidilli media korpusu yaradılmır. Bu işdə xeyli geridə qalmışıq. Dünya ilə öz dilində danışmalıyıq nəhayət! Doğrudur, bunun üçün kadrlar var, amma azdır. Mövcud kadrlarla hansısa əməli iş ortaya qoymaq və yeni komanda formalaşdırmaq olar. İnanıram ki, MEDİA bu barədə düşünür və məsələ yaxın perspektivdə həllini tapacaq”.



Jurnalist Vüsalə Balayeva:

“Bu gün Azərbaycan mediasının tutduğu inkişaf yolu ürəkaçandır. Əlbəttə ki, hər işdə olduğu kimi burada da zəif tərəflər var. Lakin  gənclərin bu sahəyə böyük marağı, çalışqanlığı və əzmkarlığı bizi sevindirir. Xüsusən də 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə informasiya müharibəsi zamanı göstərdikləri səylər təqdirəlayiqdir.

Ancaq bir məsələyə də diqqət çəkmək istərdim. Bu gün çap mediasında gənclərimiz daha çox asan və sadə janrlara, məsələn, açıqlamalara daha çox üstünlük verirlər. Siyasi analitika, araşdırmalar, əsasən də köşə yazarları barmaqla sayılacaq qədərdir. İstərdim ki, mətbuata yeni qədəm qoyan gənc həmkarlarımız bu janrlarda daha çox yazıb yaratsınlar. Əsasən də hər zaman öyrənməyə, dünyagörüşlərini artırmağa,  bədii ədəbiyyat oxumağa üstünlük versinlər. Biliklərini artırmaq onlara çox perspektivlər verəcək. 

Azərbaycan mətbuatının keçdiyi bu 148 illik yol enişli-yoxuşlu olub. Sovet dövründə müxtəlif qadağalara məruz qalıb, ancaq hər bir imtahandan üzü ağ çıxıb. Bu gün bizim də borcumuz onu layiqincə təmsil edib, gələcək nəsillərə örnək olmaqdır”.



Jurnalist Sənan Şəfizadə:

“Azərbaycan mediası uzun keşməkeşli yol keçib, bəzən çətinliklərlə üzləşib, hətta deyərdim ki, gərgin mübarizələrin iştirakçısına çevrilib. Hər il Milli Mətbuat Günü yaxınlaşanda Həsən bəy Zərdabini xatırlayıram. Allah ona rəhmət eləsin. Böyük çətinliklərlə “Əkinçi”ni nəşr edib, milli mətbuatın bünövrəsini qoyub. 

Azərbaycan mətbuatı bu günə qədərki dövr ərzində ciddi işlər görüb. Yaxın keçmişdə - 44 günlük müharibədə mediamız lazımi dəstəyi nümayiş etdirdi, vacib məlumatların vaxtında işıqlandırılması üçün ordumuzun yanında oldu. 
Dövlət medianın inkişafı üçün müəyyən işlər görür. MEDİA Agentliyi müxtəlif qrant layihələri reallaşdırır, müsabiqələr keçirir. Bu həm ictimai – siyasi medianın, həm iqtisadiyyatı, həm də idman sahəsini əhatə edən media subyektlərini irəli aparır. 

Çatışmazlıqlar da var. İstərdim ki, Azərbaycan mediasında reklam bazarı artsın. Son illər bu istiqamətdə irəliləyiş əldə olunsa da, lazımi səviyyədə deyil. İstənilən sayt və qəzetin fəaliyyətini davam etdirməsi üçün reklam özüldür. Televiziyalar reklam bazarından öz paylarını ala bilir. Amma qəzet və saytlar bu işdə sıxıntı yaşayır. Bu gün dünyada multimedianın inkişafı qəzet və saytlara problemlər yaradır. Xarici ölkələrdə fəaliyyət göstərən saytlara reklam verənlər var. Reklam şirkəti düşünür ki, əgər mən İspaniyadakı hər hansı idman nəşrinə reklam verirəmsə, Azərbaycandakı sayta niyə verim? Burada həmin sayta daxil olanlar o reklamı onsuz da görür.     
Bundan başqa istərdim elə bir dövr yetişsin ki, Azərbaycan saytları və qəzetləri öz maliyyələri hesabına əməkdaşlarını xaricdə forumlara, konfranslara, mühüm tədbirlərə göndərə bilsinlər. Hansısa sponsordan, təşkilatdan, dövlət qurumundan asılı olmasınlar. 

İngilis dilli mediamız yox səviyyəsindədir. İngilis dili versiyası olan media subyektləri çox azdır. Bu cəhətdən diqqəti cəlb edə bilmirik. Müəyyən faiz ingilis dilli media orqanlarımız olsa yaxşı olar. Dünyaya çıxmaqçün bu dildə olan xəbərlərə ehtiyac var. 

Xəbər saytlarının sayı çoxdur. Gənclər jurnalistikaya axın edir. Lakin onlarla əvvəlki nəsil jurnalistlər arasında böyük fərq var. Peşəkarların bəzisi bu sahəni tərk etdi, dövlət qurumlarında mətbuat xidməti vəzifəsinə, digər vəzifələrə gedənlər oldu. Bir az boşluq yarandı. Gənc kadrların peşəkarlardan öyrənəcəyi çox şey var, amma həmin peşəkarların sayı azaldı. 

Digər ölkələrdə baxırıq ki, 60-70 yaşlarında jurnalistlər, aparıcılar var. Bizdə çoxu çalışır ki, tez bir zamanda özünü doğruldub, daha nüfuzlu vəzifələrə getsin. Bu da mətbuat nümayəndələrinin sosial vəziyyəti səbəbilə baş verir. İstərdim ki, mediada öz sözünü demiş insanlar sıralarını tərk etməsinlər. Onların sosial durumu elə olsun ki, başqa sahələrə yönəlməyə ehtiyac görməsinlər”. 



Jurnalist Elçin Bayramlı:

“Mediamızın  bugünkü vəziyyəti kritikdir. Peşəkar media sosial media adlanan cəfəngiyyata uduzur. Qeyri-ciddi və peşəkarlıqdan uzaq bir media forması yaranır. Sosial şəbəkə saytları və kanalları medianı əvəz etməyə başlayır, kütləyə çıxış imkanlarını artırır. Biz qalırıq kənarda. Baxmayaraq ki, bunun qarşısını almaqçün müəyyən işlər aparılır, media haqqında yeni qanun qəbul olunub, təqdirəlayiqdir. Hər zaman deyirəm ki, media sahəsində yaranan anarxiya, nəzarətsizlik tənzimlənməlidir. 

MEDİA Agentliyi jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər keçirir. Layihələri maliyyələşdirir, maddi yardımlar ayırır. Maddi – texniki vəziyyət düzəlməkdədir.

Lakin bəzi proseslər var ki, onları inzibati metodlarla tənzimləmək olmur. Dövlət bunu edə bilmir. Çünki o saat “azad media” deyib, qışqırırlar. Peşəkar media elə obyektiv, düzgün fəaliyyət göstərməlidir ki, cəmiyyət görsün ki, əsl media hansıdır. Sosial mediada hərə öz istədiyini yazır,insanlar da onlara inanır. Ona görə ki, bizlər işimizi düzgün qura bilmirik. Xalqın önünə ədalətli yanaşmalar qoya bilmirik, problemləri qabarda bilmirik. Görürlər ki, obyektiv deyilik. Biz operativlikdə də sosial mediaya uduzuruq. Hərənin əlində bir telefon, hadisə baş verən kimi çəkib paylaşırlar, işıq sürətilə xəbər kütləyə yetişir. 

İkincisi, maliyyə problemləridir. Bir sıra media orqanları ucuz işçi qüvvəsi  cəlb edir, onlar da təcrübəsiz, savadsız kəslərdən ibarət olur. Peşəkarlarsa başqa sahələrə üz tutmağa məcbur olur, aldıqları məvacib onları qane etmir. 
Mediamız çoxlu xırda subyektlərə bölünüb, kiçik saytlar şəklində fəaliyyət göstərir. İki-üç nəfərdən ibarət media orqanı ola bilməz. Böyük  işçi qüvvəsi, geniş imkanları olan media orqanları, qrupları formalaşmalıdır. Tərkibində qəzet, televiziya, sayt, agentlik olan mərkəzləşmiş şəbəkələr yaradılmalıdır. Onların xarici ölkələrdə müxbirləri olur, dünya arenasına çıxa bilir, kütləyə çıxış imkanları daha çox olur. Yerli medinın xaricı çıxışı məhduddur. Müharibə dövründə də gördük ki, dünya Qarabağla bağlı xəbərləri Rusiya, Türkiyə saytlarından alırdı. 

Bizim media xəbər janrında ilişib qalıb. Media tək xəbərdən ibarət deyil. Digər janrlar – felyeton, parodiya, esse, oçerk, köşə janrlarında da yazmaq lazımdır. Fərqli  janrları əhatə edən maraqlı məzmunlar yaratmaq olar. Televiziyada da monotonluq hökm sürür. Bu, cəmiyyətə heç nə vermir, insanları cəlb etmir.

Medianın digər funksiyası da maarifləndirməkdir. Hansısa dəyərləri təbliğ etməkdir. Bizim media çalışır ki, ancaq izləyici toplayıb reklamlarla pul qazansın. Bu başlıca məqsəd olmamalıdır. İnsanların inamını, etibarını qazanmaq, cəmiyyətdə nüfuz əldə etmək lazımdır. Bu gün IP uğrunda mübarizə gedir. Saxta xəbər başlıqları, qərəzli, şantaj tipli məlumatlar ortada meydan sulayır. Dövlət də buna qarışmaq istəyəndə beynəlxalq təşkilatlardan tutmuş, bəzi yerli qüvvələrə qədər “ölkədə söz azadlığı yoxdur” deyib, hay-küy salırlar. Mediada nizamlama, nəzarət gücləndirilməlidir ki, informasiya kirliliyi aradan qalxsın. Yoxsa sosial mediaya uduzacayıq”.

 

15:45 - 21 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin