47 yaşlı kişi pullarını kazinoda uduzdu, arvadına isə... - TƏFƏRRÜAT

 47 yaşlı kişi pullarını kazinoda uduzdu, arvadına isə... - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Fərid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəcibəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, BTZ bağları ərazisində baş verib. Fərid fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Nəcibənin hər iki qollarından və sağ ayağından əl zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Nəcibə ilə qeyri-rəsmi olaraq ailə həyatı qurublar və onların 2014-cü il təvəllüdlü Zülfiyyə adlı bir övladları var: “Təxminən 1-2 aydır ki, internetdə kazino oyunu oynadığım üçün borcum  yarandı. Hadisə günü, təxminən saat 11:00-da yaşadığımız evdə olan zaman Nəcibəyə borcumu ödəmək üçün bankdan kredit götürərək mənə verməyi dedim. Lakin Nəcibə mənə pul götürməyəcəyini deyərək mənimlə mübahisə etməyə başladı. Mən də bundan əsəbləşərək əl zərbələrim ilə Nəcibənin qollarından, üz nahiyyəsindən və ayaqlarından vurmağa başladım. Dava-dalaşdan sonra evdən çıxaraq getdim. Axşam saatlarında evə qayıdan zaman Nəcibənin evdə olmadığını gördüm. Sonradan isə Nəcibənin məndən polisə şikayət etdiyini öyrəndım”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəcibənin sözlərinə görə, hadisə günü, təxminən saat 11:00-da yaşadıqları evdə elan zaman Fərid bankdan ona pul götürməyini tələb etdiyi üçün aralarında mübahisə yaranıb: “Mən də pul götürə bilməyəcəyimi dediyim üçün Fərid yumruqlarla hər iki qollarımdan, üz nahiyyəmdən və ayaqlarımdan vuraraq döyməyə başladı. Mən də həmin gün evdən çıxaraq Bakı şəhərinə getdim”. 

Nəcibə qeyd edib ki, hazırda Fərid ilə barışıb: “Fərid mənə dəymiş ziyanı ödəyib. Ona qarşı hər hansı şikayətim və tələbim yoxdur”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ona dəymiş ziyanı ödəməsini nəzərə alıb. 

Məhkəmə həmçinin Fəridin barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

17:08 - 18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin