Mingəşevir şəhərində 1989-cu il təvəllüdlü Səlim qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisəni törədən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Aynurə ilə 2010-cu ildə ailə həyatı qurub, birgə nigahlarından 3 az yaşlı övladları olub:
“Ailə quranda normal münasibətlərimiz olsa da, qısqanclıq zəminində bir neçə dəfə mübahisələrimiz yarandı. Hətta son bir ay ərzində evə gec gəlməyimə görə, həyat yoldaşım mənim başqa qadınla münasibətdə olmağım ilə bağlı irad bildirdi. Buna görə aramızda mübahisələrimiz daha çox oldu. Buna görə də mənimlə küslü hərəkət etdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 13 radələrində yuxudan durandan sonra eyvanda səliqəlilik yaratmaq üçün oradakı əşyaların yerinin dəyişdirilməsinə köməklik etməsini həyat yoldaşından xahiş edib:
“Lakin, arvadım mənə əhəmiyyət vermədi, saymamazlıq etdi. Sonra isə qışqıraraq onu danışdırmamğımı tələb etdi. Həmin vaxt əsəbləşərək arvadımın sinəsindən tutaraq ayrılmaq təklifi etdim, evdən çıxıb getməsini tələb etdim. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı həyat yoldaşım ünvanıma kobud və nalayiq sözlər dediyinə görə əsəblədim. Stolun üzərindəki içərisində qaynar su olan termosu onun başına qəsdən vurdum. Həmin vaxt termos qırılaraq içərisindəki qaynar su arvadımın sifət və qol nahiyyəsinə töküldü. Nəticədə arvadım xəsarətlər aldı”.
Bu cinayət işinə Lənkəran şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Səlimin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az