Turizm şirkətləri arasındakı fərqli qiymətlər - AÇIQLAMA

 Turizm şirkətləri arasındakı fərqli qiymətlər - AÇIQLAMA

Sosial şəbəkələrdə qarşımıza çıxan turizm şirkətlərinin turlarına nəzər saldıqda qiymətlərdə fərq olduğunu görürük. Turizm agentliklərindən başqa, tur operator anlayışı da var. 

Maraqlıdır, eyni istiqamətə müxtəlif tur şirkətlərinin təşkil etdiyi səfərlərin qiymətlərindəki fərq nə ilə əlaqəlidir? 

Məsələyə turizm üzrə ekspert Cabir Dövlətzadə Asayis.Az-a açıqlamasında aydınlıq gətirib. 

O qeyd edib ki, bu daha çox keyfiyyətlə bağlıdır:

"Bəzi şirkətlər ölkədaxili turlar təşkil edəndə də proqrama gündə 3 dəfə yemək daxil edir. Bu da qiymətdə fərqə səbəb olur. Müştərilərə belə daha rahat olur. Xüsusən xarici turistlər bu rahatlıqdan istifadə edir. Çünki onlarda büdcə problemi olmur".

C.Dövlətzadə qiymət fərqinə səbəb olan digər bir məqamın da nəqliyyat xidməti olduğunu deyib:

"Turist avtobuslarının rahat olması şirkətçün üstünlükdür. Turistlər bu məqama diqqət edir. Avtobusdakı oturacaqların rahatlığı, hətta kondisionerin işləyib-işləmədiyi də turistin şirkəti qiymətləndirməsində fərq yaradır. Müştəri gedəcəyi yerə rahat çatmaq istəyir. Təcrübəli şirkətlər bu məqamları saytlarında qeyd edirlər".

C.Dövlətzadə tur agentliklərlə tur operatorun fərqini də izah edib:

"Tur agentliklər bilet satışı ilə məşğul olan xırda şirkətlərdir. Onlar aviaşirkətlərdən biletləri alıb əlavə faizlə satırlar.

Tur operatorsa daha geniş məfhumdur. Onlar bu və ya digər ölkələrdə böyük turizm şirkətlərilə müqavil bağlayır. Məsələn, Almaniyanın GTİ adlı böyük tur operatoru var. Dünyanın müxtəlif ölkələrinə xüsusi reyslər həyata keçirir, oralarda distributorları var".

Demokrat.az

14:19 - 19 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin