Ölkədə vətəndaşların ən çox şikayət etdiyi qurumlardan biri də bələdiyyələrdir. Bələdiyyələrin hərəkətsizliyi tez-tez narazılığa səbəb olur.
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli bələdiyyələrlə bağlı ölkədə yaşanan narazılığın səbəblərinə aydınlıq gətirib.
Asayis.Az xəbər verir ki, V.Tofiqli açıqlamasında qeyd edib ki, bələdiyyə öz inzibati ərazisində müəyyən məsələlərin həllinə və icrasına nəzarət edə bilər. Bir şərtlə ki, həmin ərazi bütünlüklə bələdiyyənin mülkiyyətinə verilmiş olsun:
"Bələdiyyənin maliyyə imkanları da rol oynayır. Bunlar təmin edilsə bələdiyyələr real addımlar ata bilər hansısa problemlərin həlli istiqamətində.
Bu gün Azərbaycanda bələdiyyələrin proseslərə müdaxilə etmək üçün nə hüquqi, nə də maliyyə imkanları var" .
Ekspertin sözlərinə görə bələdiyyələrin öz işini düzgün qura bilməsi üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır:
"Qanunlarla normativ hüquqi aktlar arasında ziddiyyətlər çözülməlidir. İkincisi, bələdiyyələrin səlahiyyətlərinim həcminə və maliyyə imkanlarına yenidən nəzər salınmalıdır. Bələdiyyələrin mülkiyyətinə torpaq və əmlak verilməsi məsələsi aradan qaldırılmalıdır. Bələdiyyənin büdcəsində müəyyən qədər vəsait olmalıdır ki, iş görə bilsin".
Demokrat.az