Şimali Amerikada, Asiyanın bəzi hissələrində, eləcə də Afrikanın şimalında və Aralıq dənizində eyni vaxtda rekord isti hava müşahidə edilir.
Asayis.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
Təşkilat bildirib ki, temperatur bir neçə gün ərzində 40 dərəcə Selsidən yuxarı qalxır.
"Temperatur insan sağlamlığı və iqtisadiyyat üçün ağır nəticələrə gətirib çıxarır. Bu il müşahidə olunan istilik dalğaları həyəcanvericidir.Müşahidə olunan hallar İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin proqnozlarına uyğundur", - təşkilat bildirib.
Mütəxəssislər bildiriblər ki, 1980-ci illərdən bu yana belə hadisələrin sayı 6 dəfə artıb.
Daha əvvəl bildirilmişdi ki, Saxaradan qitəyə yaxınlaşan “Xaron” antisiklonuna görə bəzi Avropa ölkələrində temperatur 50 dərəcəyə qədər yüksələ bilər. Avropanın bir sıra regionlarında isti və güclü külək səbəbindən meşə yanğınlarının başlaya biləcəyi də qeyd edilir. Bu, artıq Yunanıstan və İspaniyada baş verib. Kanar adalarının Palma adasında yanğınlar səbəbindən artıq 4000-dən çox insan təxliyə edilib.