Arvadının burnunu sındıran sərxoş kişi məhkəmə zalında həbs edildi

 Arvadının burnunu sındıran sərxoş kişi məhkəmə zalında həbs edildi

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Səməd Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Asayis.Az-ın məlumatına görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbs olunub.

 

İttiham aktına görə, hadisə Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki,  1971-ci il təvəllüdlü Səməd Əliyev ailə-məişət zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Günay Əliyevanı (şərti) yumruqla vurub. Nəticədə qadının burun sümüyü sınıb, hər iki göz ətrafını əhatə edən qançırları əmələ gəlib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Səməd Əliyev məhkəmədə ifadəsində deyib ki, spirtli içki qəbul etdiyi üçün Günay ona öz iradını bildirib. O, buna görə əsəbiləşib arvadı ilə mübahisə edib. Bu zaman aralarında münaqişə baş verib. Həmin vaxt o, yumruqla qadının burun, dodaq, çənə, sifət və bədən nahiyəsinin digər yerlərinə zərbələr endirərək ona xəsarət yetirib.

 

Pravda.az

13:42 - 13 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin