Bu ilin may ayının 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Asayis.Az- a verilən məlumata görə, aparılmış sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaətbəxş olub.
4 nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxan suların adları aşağıda (Cədvəl 1) qeyd olunan emal müəssisələrində yoxlama keçirilib, hər 4 müəssisənin su emalı fəaliyyəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.
Ümumilikdə, Agentlik tərəfindən görülmüş tədbirlər çərçivəsində cari il ərzində ölkə ərazisində fəaliyyət göstərən 22 su emalı müəssisəsində planlı və plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı 18 müəssisədə qida sahəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Belə ki, emal edilmiş suların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı, bəzi məhsullarda suların mənbəyinin göstərilmədiyi, bir çox hallarda isə mərkəzləşdirilmiş su sistemindən gələn sular (əhaliyə verilən sular), həmçinin artezian suları qablaşdırıldığı halda, məhsulun üzərində həmin suların müxtəlif təbii mənbələrdən, dağlardan və bulaqlardan gətirilərək qablaşdırıldığı, o cümlədən məhsulun etiketində dağların, bulaqların təsvirlərinin və müxtəlif coğrafi adların qeyd edildiyi müəyyən olunub. Bu da məhsulun üzərində qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, nəticədə qanunvericiliyə zidd olaraq istehlakçıların aldadılmasına səbəb olur. Həmçinin bəzi suların etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatların qeyd olunduğu müəyyənləşib.
Aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satışı dayandırılıb, qanunvericiliyin tələblərinə uyğun olmayan etiketlərin istifadəsi qadağan olunub və həmin etiketlər məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, bir sıra qida subyektləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni etiketlərlə məhsulların emalına başlanılıb.