Bir müddət əvvəl vəziyyəti pisləşən, xəstəxanaya yerləşdirilərək bir ayağı amputasiya edilən jurnalist Səbuhi Məmmədli çətin durumdadır.
Asayis.Az xəbər verir ki, “Sherg.az”a açıqlama verən Səbuhi Məmmədli böyrəyində də ciddi problemlər aşkarlandığını bildirib:
“Bilirsiz ki, ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Təsəvvür edin ki, bir ayağın yoxdur, əlil arabasındasan, üstəgəl, həftədə 3 dəfə dializə gedirsən. Ömür boyu səfərlərdə olan, reportajlar yazan Səbuhi Məmmədli əlil arabasına düçar olub. Belə qalmışıq ki, axırımız necə olacaq? Ötən ilin noyabr ayında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır. Həmin vaxtda bir qadın hamilə qalsa, indi doğuşa hazırlaşardı. Azərbaycanda isə 9 aya yaxındır ki, ayağımın olmadığını sübut etməyə çalışıram. Ayağımı dizdən yuxarı kəsiblər.
Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika var. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər. Möhürlü, imzalı arayış verdim ki, dializ xəstəsiyəm. Həmçinin cərrah da təsdiqləyib ki, ayağım dizdən yuxarı kəsilib. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki... Dostumuz Rey Kərimoğlu zəng edib ki, sən hələ təqaüd almırsan?
Deyirəm ki, yox, təqaüd cəhənnəm, protez ala bilmirəm. Sonuncu dəfə poliklinkaya gedəndə, söylədilər ki, nahaq gəlmisiz, əziyyət çəkmisiz, bizim fəxrimizsiz, adınız sistemdədir. Mən də yoxlatdım, gördüm ki, adım sistemə daxil edilməyib. Təzyiqim bir tərəfdən qalxıb, bilmirəm nə edim. Bunlar niyə belə edirlər? Nəsə ödəməyə ehtiyac varmı? Ödəyək. Axı belə olmaz. Olmur”.
Uzun illərdir “Lent.az” saytında çalışan S. Məmmədli deyib ki, səhhətindəki problemlərə baxmayaraq, işinə davam edir:
“Mən demək olar ki, işə gedirəm. Dializ günlərini çıxmaq şərtilə. O günlərdən biri də qeyri-iş gününə təsadüf edir. Vüsalə Mahirqızı sağ olsun, şərait yaradıb. Başda Vüsalə xanım və kollektiv bilir ki, potensialımın 15 faizi ilə işləyirəm. Halbuki nələr edə bilərəm. Gözümün qarşısından mövzular keçir-gedir. Bundan başqa, maddi xərclər var, böyük pullardır ki, onları ödəmək lazımdır.
Sürücüyə ayda 700 manat pul verirəm. Hər gün məni Xırdalandan Xətaiyə işə, dializlərə aparır. Bundan başqa, baxıcıya 500 manat verirəm. Gəlir, məni oyadır, yeməyimi verir. Hamı bilir ki, tək yaşayıram. Mənim evim yoxdur. 30 illik iş stajım var, lakin evsizəm. Bir otaqlı evdə kirayədə yaşayıram, 350 manat ödəyirəm, kommunal xərclər ilə 430-450 AZN gəlib cıxır. Ümumilikdə , bu xərclər 1600 manat tutur, təsəvvür edin ki, necə dolanıram. Bir qızım var, onun qayğıları ilə məşğul olmaq, onu gəzdirmək istəyirəm. Bunları edə bilmirəm. Ağlamaq kimi çıxmasın, lakin real situasiyadan danışıram”.