Bakıda kişi evə gec gələn arvadını döydü - TƏFƏRRÜAT

 Bakıda kişi evə gec gələn arvadını döydü - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda 1993-cü il təvəllüdlü Bəhlul münaqişə zəminində həyat yoldaşı Yetərə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin fevralın 11-də rayonun 28 may qəsəbəsində baş verib. 

Bəhlul yaşadığı evdə arvadı Yetərin evə gec gəlməsi səbəbindən aralarında münaqişə yaranıb. 

Bu zaman Bəhlul Yetərin yumruqla sağ gözündən, təpiklə isə bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Kürdəmir rayonunda qeydiyyatda olub və Binəqədi rayonu 28 may qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayır: 

“2013-cü ildən Yetər ilə ailə qurmuşam. Birgə nigahımızdan üç övladım var. Atam vəfat etdikdən sonra biz Kürdəmir rayonundan Bakı şəhərinə köçdük, 28 may qəsəbəsində kirayədə yaşadıq. Bakı şəhərinə köçdükdən sonra Yetər ilə aramızda onun işləməyi ilə bağlı mübahisələrimiz olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Yetər saat təxminən 21 radələrində evə gəldikdə ondan haradan gəldiyini soruşub: 

“Bu zaman Yetər atamın ruhuna yalandan and içdi, işdən gəldiyini bildirdi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruq ilə onun göz nahiyyəsinə bir dəfə zərbə, daha sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurdum”. 

İş üzrə zərərçəkmiş Yetərin sözlərinə görə, evliliklərinin ilk illərində Kürdəmir rayonunda yaşayıblar: 

“Daha sonra Bəhlulun atası vəfat etdikdən sonra Bakı şəhərinə köçərək 28 may qəsəbəsində kirayədə yaşadıq. Bəhlul heç bir yerdə işləmədiyi üçün müxtəlif ünvanlarda marketlərdə işləmişəm ki, ailəmizə maddi dəstək olum. Hadisə günü işdən evə gələn zaman dayanacaqdan evə qədər olan məsafə uzaq olduğu üçün evə biraz gec getdim. Saat 21 radələrində evə gəldikdən sonra Bəhlul hansı səbəbdən evə gec gəldiyimi dedi, mənimlə mübahisə etməyə başladı. Bəhlula dayanacaqla evin arasında olan məsafə bir qədər uzaq olduğundan və həmin məsafəni piyada gəldiyini desəm də, Bəhlul başa düşməyərək mübahisəni davam etdirdi. Mühabisə nəticəsində yumruqla sağ göz nahiyyəmə, təpiklə isə bədənimin müxtəlif nahiyyələrinə zərbələr vurdu. Nəticədə xəsarət aldım”.
Zərərçəkmiş qeyd edib ki, Bəhlulun bu əməllərinə dözməyib və evdən gedib. Onun sözlərinə görə, fevralın 15-də əri tərəfindən döyülməyi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, daha sonra isə Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə ərizə ilə müraciət edib. 

Yetər bildirib ki, əri ilə aralarında barışıq olmayıb, məhkəmədən törədilən əmələ münasibətdə ona ədalətli cəza təyin edilməsini xahiş edib. 

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Bəhlul 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan ünvanə axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilib.


Demokrat.az

13:52 - 11 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin