Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı səsverməsi başlayıb.
Asayis.az xəbər verir ki, Naxçıvanda yaşayan Türkiyə vətəndaşları üçün də səsvermə prosesinə başlanılıb.
Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının səsvermədə fəal iştirakı üçün hər cür şərait yaradılıb.
Bu gün səhər saat 8-də Baş konsulluqda yaradılan səsvermə məntəqəsində prosesə start verilib. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya səsvermədə iştirak edib.
Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.//Report