“Nehrəmliləri Komitədən çıxarmaq üçün azı 5 il lazımdır” - FOTO

 “Nehrəmliləri Komitədən çıxarmaq üçün azı 5 il lazımdır” - FOTO

“Sahibkarların Dövlət Gömrük Komitəsinin qarşısında keçirdikləri aksiya təşkil olunmuş aksiyadır. Çünki yeni komitə sədri elektron sistemə keçir. Yəni gömrük işçiləri ilə digərlərinin kontaktı olmur. Aksiyanı təşkil edənlər bilavasitə uzun müddət gömrük sistemində işləyən dəstədir - keçmiş sədrin adamları. Bir Komitənin ki işçilərinin 60%-i eyni bölgədən ola... İndi onları Komitədən təmizləyib çıxarmaq da mümkün deyil. Belə məlumatım var ki, köhnədən qalan adamlar bilavasitə sədrin adından yeni gələnləri incidirlər. Çünki hamısı bir kənddəndirlər, çoxu nehrəmlidir. Onların əsas məqsədləri budur ki, yeni sədrlə camaat arasında bilərəkdən narazılıq yaratsınlar. Belə bir sistem qurmağa çalışırlar. Çünki 1995-ci ildən ötən ilə qədər Azərbaycanın gömrük sistemi bir kəndin əlində olub. Komitədən nehrəmliləri təmizləyib qurtarmaq olmur. Buna görə də onlar çalışırlar ki, bütün yollarla indiki komitə sədrini gözdən salsınlar. Belə bir fikir formalaşdırsınlar ki, Komitəni ancaq nehrəmlilər idarə etməlidir, onlar olmasa, Komitə batacaq. Başqa ad vermək olmur...”

Asayis.Az xəbər verir ki, bu sözləri müsahibəsində Dövlət Gömrük Komitəsi sədrinin sabiq birinci müavini Cümşüd Nuriyev deyib.

O bildirib ki, hazırda dövlət sahibkarlara çox yüksək səviyyədə diqqət ayırır: “Həm iqtisadiyyat Nazirliyi, həm də KOBİA, Sahibkarlar Konfederasiyası yaxşı işləyir. Azərbaycanda çoxsaylı layihələr var. Bunlar isə büdcə barədə düzgün danışmırlar. Azərbaycana idxal olunan məhsulların, təxminən, 49%-i bu və ya digər formada vergi və gömrük rüsumlarından azaddır. Belə bir şəraitdə sahibkarlara hansı maneə törədilə bilər ki? İndiyədək gömrükdə hər cür fırıldaqla məşğul olanların “bazarı” bağlandığına görə bu yola əl atmağa başlayıblar. Ola bilməz ki, peşəkar gömrük işçisi gələ, ona etibar edən Prezidentə sədaqətli xidmət etməyə. Şahin Bağırovu tanıyıram, peşəkardır. Rusiyada təhsil alıb, amma uzun müddət gömrük sistemində işləyib. O, Gömrük sistemində gömrük nəzarətini bilən bir neçə adamdan biri idi. Sadəcə, Naxçıvan bölgəsindən olmadığına görə onu bölgəçilik prinsipi ilə gözdən salmağa çalışırlar. Nehrəmlilərin hamısını DGK-dən çıxarıb qurtarmaq üçün azı 5 il lazımdır. Bu, mümkünsüz bir şeydir. Sədrin birbaşa elektron poçtu var. Sahibkarlar ora müraciət edə bilərlər. Şikayətlərinin səbəblərini gündəmə gətirməlidirlər. Ümumi şəkildə “bizi incidirlər, maneə olurlar” demək düzgün deyil”.

Cümşüd Nuriyev deyib ki, DGK nə gömrük vergilərini nə də gömrük rüsumlarını müəyyən edir: “Bunu Nazirlər Kabineti müəyyən edir. Şikayəti olan sahibkarlar yaxşısı budur, getsinlər Kabinetin İqtisadiyyat şöbəsindən tələb etsinlər ki, niyə bu qədər yüksək vergi var? Gömrüyü günahlandırırlar, amma Azərbaycanda beşpilləli rüsum sistemi qoyulub. 0%, 1%, 3%, 5%, 15%. Bunlar da həm ixraca maneə törədir, həm də idxalda qiymətlərin artmasına səbəb olur. Üçpilləli olmalıdır - 0%, 3%, 5%. Bundan yuxarı ola bilməz. 15% olanda gömrük vergi və rüsumlarının yükü 36%-ə çıxır. Gömrük işçisinin burada günahı yoxdur. Mən demirəm ki, onların hamısı müqəddəsdir, ətəklərində namaz qılmaq olar. Amma hökumət gömrük siyasətini dəyişməlidir. Bu hökumət 30 ildir, eyni siyasətdən başqa siyasət bilmir. Nazirlər Kabinetində gömrük işini bilən yoxdur. “Gömrük tarixi haqqında” qanuna görə, bəli, buna birmənalı şəkildə hökumət məsuliyyət daşıyır. Hökumət isə heç bir yenilik etmir. Məsələn, Mikayıl Cabbarov gələndən sonra görün Vergilər Məcəlləsində nə qədər dəyişiklik oldu, müasirləşmə getdi. Gömrük Məcəlləsi dəyişdi, amma gömrük vergi və rüsumları hələ də Kabinetin əlindədir. Sahibkarlar belə bir şəraitdə inkişaf edə bilmirlərsə, niyə DGK-da günah axtarırlar, getsinlər hökumətdən tələb etsinlər. Bəyəm hökumətin belə bir ağıllı siyasəti var ki, həyata keçirmək istəyir, ona DGK maneə olur? Belə bir şey yoxdur. Gömrük siyasəti müasir standartlara cavab vemir, hansı ki bunu Nazirlər Kabineti formalaşdırmalıdır. DGK-nın işi texnoloji, innovativ cəhətdən də müasir standartlar səviyyəsində qurulub. Amma ölkənin müasir standartlara cavab verə bilən iqtisadi gömrük siyasəti yoxdur”. Pravda.az

16:56 - 19 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin