Birlikdə ova getdiyi dostunu ehtiyatsızlıqdan güllələdi - Yenilənib

 Birlikdə ova getdiyi dostunu ehtiyatsızlıqdan güllələdi - Yenilənib

Biləsuvarda ova gedən şəxslərdən biri digərini ehtiyatsızlıqdan güllələyib.

Asayis.az-ın məlumatına görə, hadisə Şəhriyar qalası kimi tanınan tarixi ərazidə baş verib. Belə ki, ova gedən şəxslərdən biri ehtiyatsızlıqdan əlindəki tüfənglə atəş açıb. Tüfəngin seçmələri onunla birlikdə ova gedən tanışına dəyib. Sonuncu hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17 radələrində 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub. Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Zakir Tağıyevin 9 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

13:46 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin