Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxslər cəzalandırılıb

 Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxslər cəzalandırılıb

Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxslərdən biri həbs edilib, digəri cərimələnib. Asayis.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov BAKU.WS-ə bildirib ki, bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı.

Görüntülər polis əməkdaşları tərəfindən araşdırılmış və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunmuş, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

***12:20

Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxslər müəyyən olunublar.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev azxeber.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb:

“Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb”.

16:17 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin