Ramiz Mehdiyevin kölgə kabineti – “gömrük rəisi”nin iş adamlarına hücumlarının ŞOK PƏRDƏARXASI

 Ramiz Mehdiyevin kölgə kabineti – “gömrük rəisi”nin iş adamlarına hücumlarının ŞOK PƏRDƏARXASI

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilməsindən sonra cinayət işinin sensasiyalı təfərrüatları üzə çıxmaqda davam edir. Mediada Ramiz Mehdiyev hakimiyyəti ələ keçirəcəyi təqdirdə formalaşdıracağı "yeni kabinet"in siyahısı və vəzifə bölgüsü öz əksini tapıb.

Lakin məsələ təkcə siyasi iddialarla bitmir. Ramiz Mehdiyevin illər boyu tətbiq etdiyi əsas strategiya Azərbaycanda ən perspektivli sahələri - kənd təsərrüfatından tikintiyə, ağır sənayeyə qədər - öz nəzarətinə almaq, tam nəzarətə ala bilmədikdə isə orada süni xaos yaradıb, həmin xaos üzərindən bütün resursları ələ keçirmək olub. Bu şəbəkənin hər bir strateji sektorda yerləşdirilmiş öz adamları var idi.

Həmin kadrlar arasında xüsusi rolu olan şəxslərdən biri də İmişlidən olan sabiq deputat, “Karat” şirkətlər qrupunun rəhbəri Əsabil Qasımovdur. Ramiz Mehdiyevin hazırladığı kölgə kabinetində Dövlət Gömrük Komitəsinin sədri postuna layiq gördüyü Əsabil Qasımov, əslində bu şəbəkənin iqtisadi arteriyalarına və xüsusilə tikinti sektoruna cavabdeh olan əsas fiqurlarından idi. Ramiz Mehdiyevin öz nəvəsini İmişlidən olan iş adamına (Ə. Qasımovla yaxın çevrəyə) ərə verməsi, geniş səs-küy doğuran məlum dəbdəbəli toy və həmin toydan sonra kürəkəni İlham Əliyevin və qudasının həbsi ilə nəticələnən hadisələr – Ramiz Mehdiyev imperiyasının sərhədsiz iştahının və kaprizlərinin sadəcə aysberqin üzədə olan tərəfi idi.

Bu gün Azərbaycan mətbuatında adı qalmaqallardan düşməyən "Vialon" MMC və "Azəri Tikinti Şirkəti" MTK kimi qurumlar bilavasitə Əsabil Qasımovun və onun yaxın çevrəsinin nəzarətindədir. Həmin şirkətlər Bakının mərkəzində, xüsusilə Nəsimi rayonu ərazisində vətəndaşların yaşayış evlərini, obyektlərini qanunsuz olaraq hasarlayır, söküntü zamanı heç bir hüquqi normaya məhəl qoymur və dözülməz şərait yaradırlar.

Məhkəmə qərarları olmadan evlərin ətrafına çəkilən və aylarla sökülməyən qanunsuz hasarlar, sakinlərin mülkiyyət hüquqlarının tapdalanması insanlarda kəskin sosial narazılıq doğurur. Bu addımlar açıq-aşkar vətəndaşları dövlət idarəçiliyindən narazı salmağa hesablanmış təxribatçı fəaliyyətdir.

Müsavat.com-un araşdırmalarında üzə çıxan dəhşətli faktlara görə, paytaxtın mərkəzində milyonlarla manat dəyəri olan özəl əmlaklar saxta sənədləşdirmələr və təzyiqlərlə ələ keçirilir, məhkəmə materialları və disklər belə yoxa çıxarılır.

Ramiz Mehdiyevin və onun əsas kadrı Əsabil Qasımovun daxil olduğu bu şəbəkə təkcə sıravi vətəndaşların mülkünə göz dikməyib. Əsas məqsədlərdən biri ölkənin uğurlu sahibkarlarını "çökdürmək" və onların illərlə qurduğu biznes imperiyalarını mənimsəmək olub.

Bu strategiyanın ən acınacaqlı qurbanları sırasında tanınmış, öz sahələrinin əsl peşəkarları olan Naiq Məmmədhəsənovun, Mansur İbrahimovun adlarını çəkmək olar. 

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və Əsabil Qasımov üzərindən idarə olunan sistem, Tovuzda iş adamı Naiq Məmmədhəsənovun "Tovuz-Baltiya" şirkətini, Şabranda sahibkar Mansur İbrahimovun “TurAz” və “Dostluq” şirkətlərini birbaşa hədəfə alıb. Hər iki sahibkar kənd təsərrüfatı sektorundakı uğurlu fəaliyyətləri, regionlarda iş yerlərinin yaratmaları ilə tanınıblar. 

Naiq Məmmədhəsənovun illərlə çəkdiyi əziyyəti sıfırlamaq üçün ona qarşı müxtəlif rıçaqlar işə salınıb, Bakının mərkəzində yerləşən dəyərli əmlaklarının “gömrük rəisi” Əsabil Qasımovun "Azəri Tikinti Şirkəti" MTK və digər mexanizmlər üzərindən əlindən alınması üçün xüsusi planlar qurulub.

Şabranda isə Ramiz Mehdiyev kürəkəni“ədliyyə naziri”i İlham Əliyevin üzərindən sahibkar Mansur İbrahimovun min bir əziyyətlə ərsəyə gətirdiyi 100 hektara yaxın meyvə bağının daxil olduğu “TurAz” və “Dostluq” şirkətlərini ələ keçirib. Həmin şirkətlər üzərindən 10 milyonlarla manat kənd təsərrüfatı təyinatlı kreditlər alınsa da, faktiki olaraq təyinatı üzrə xərclənməyib. 

Dövlətin prioritet sahəsi olan kənd təsərrüfatına bu şəkildə badalaq vurulub. Bundan başqa ölkənin ağır sənayesi də Ramiz Mehdiyevin hədəfində olub. Azərbaycanda zamanında bu sahənin flaqmanları olan Zülfüqarlı qardaşlarının zavodlarının əllərindən alınması, özlərinin uydurma əsaslarla həbs göndərilmələri də Ramiz Mehdiyevin planları daxilində gerçəkləşib. 

Ramiz Mehdiyev ölkənin ayrı-ayrı sahələrinin inkişafının qarşısının alınması istiqamətində atdığı addımlar illərlə davam edib. 

Nəhayətdə o, Azərbaycanda çevriliş planına baş vurub. 

Çevriliş planının siyasi və kəşfiyyat ayağında isə “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova əsas fiqur kimi çıxış edib. Yayılmış materiallardan bəlli olur ki, Ramiz Mehdiyev avqust ayından hazırladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı əlyazmasını çapa vermək və Moskvaya - Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkinin müavini Rəşad Qurbanova çatdırmaq üçün şəxsən Sevil İsmayılovaya həvalə edib.

Sevil İsmayılova təkcə bir biznes strukturu idarə etməyib, bu qaranlıq şəbəkənin əsas kəşfiyyat agenti və "poçtalyonu" rolunu oynayıb. Diqqətçəkən digər məqam isə Sevil İsmayılovanın rəhbərlik etdiyi nəşriyyatın Maliyyə Departamentinin bu gün də AMEA-nın tabeliyində olan Azərbaycan Milli Ensiklopediyasının binasında yerləşməsidir. AMEA-ya ünvanlanan sorğuların cavabsız qalması isə bu köklü şəbəkənin hələ də bəzi qalıqlarının qorunduğunu göstərir.

Ramiz Mehdiyevin hakimiyyəti ələ alacağı təqdirdə formalaşdıracağı "kölgə kabineti"nin vəzifə bölgüsü belə planlaşdırılıb:

Baş nazir: Əli Həsənov (Prezidentin sabiq köməkçisi);

Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);

Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, sabiq DİN əməkdaşı);

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);

Xarici işlər naziri: Eldar Həsənov (sabiq baş prokuror və səfir);

Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);

İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini);

Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin doğma oğlu);

Prezident Administrasiyasının rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə müdiri);

PA Ərazi İdarəetmə Şöbəsinin müdiri: Ziya Məmmədov (sabiq nəqliyyat naziri);

Milli Məclisin sədri: İsa Həbibbəyli (AMEA prezidenti);

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: Elton Məmmədov (sabiq deputat);

Dövlət Gömrük Komitəsinin sədri: Əsabil Qasımov (“Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat);

Elm və təhsil naziri: Aqiyə Naxçıvanlı (sabiq deputat);

Media və Yayım Şurasının sədri: Bəxtiyar Sadıqov (sabiq deputat);

Ramiz Mehdiyevin "yeni kabinet" xəyalı və Əsabil Qasımov, kürəkəni İlham kimi kadrların tikinti və kənd təsərrüfatında törətdiyi özbaşınalıqlar, dövlət içində dövlət qurmaq və ölkə resurslarını talamaq hədəfinin hansı miqyasda olduğunu bir daha nümayiş etdirir.


20:51 - 6 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin